IAI yeni nəsil “C-UAS Swarm” antidron həllini təqdim edib

IAI yeni nəsil “C-UAS Swarm” antidron həllini təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti AUSA-2025 sərgisində yeni nəsil “C-UAS Swarm” antidron həllini təqdim edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, bu müasir müdafiə sistemi pilotsuz uçuş aparatları (PUA) və dron sürülərini aşkarlamaq, müəyyənləşdirmək, zərərsizləşdirmək və məhv etmək üçün nəzərdə tutulub.

Sistem İsrail Müdafiə Nazirliyinin tələblərinə cavab verəcək şəkildə hazırlanıb və yüksək vəzifəli müdafiə rəsmilərinə nümayiş etdirilərək qabaqcıl imkanları və əməliyyat hazırlığı sübut olunub. O, hazırkı müharibənin yaratdığı əməliyyat təcrübələri və dəyişən tələblər əsasında inkişaf etdirilib.

“İsrailin radar sistemləri üzrə əsas istehsalçısı kimi IAI ölkənin müdafiəsində həlledici rol oynayır. Xüsusən də hazırkı müharibənin başlanmasından bəri şirkət İsrailə qarşı yönəlmiş hədəflərin aşkarlanması, təsnifləndirilməsi və onların məhv edilməsi prosesində mühüm rol oynayıb. Yeni nəsil dron sürülərinə qarşı mübarizə həlli IAI-nin İsrail Müdafiə Qüvvələrinin dəyişən çağırışlarına uyğun innovativ və əməli baxımdan aktual həllər təqdim etmək əzmini bir daha nümayiş etdirir. Bu inkişaf bizim aşkarlama və məhvetmə sistemləri portfelimizin bir hissəsi olaraq İsrailin hava təhlükələrinə qarşı dəqiq, sürətli və çevik müdafiə qabiliyyətini daha da gücləndirir. Bu, IAI-nin mükəmməllik ənənələrini və müdafiə texnologiyaları sahəsində qabaqcıl mövqeyini əks etdirən yüksək təsirli və yüksək keyfiyyətli bir qabiliyyətdir”, – deyə IAI-nin prezidenti və baş icraçı direktoru Boaz Levi bildirib.

Yeni nəsil “C-UAS Swarm” antidron həllinin mərkəzində süni intellekt və maşın öyrənməsi alqoritmləri ilə işləyən qabaqcıl avtonom C4I missiya sistemi dayanır. Bu sistem real vaxt rejimində təhlükənin aşkarlanması, analizi və cavab tədbirlərinin idarə olunmasını təmin edir. Sistem operatorlara optimal məhvetmə metodlarını avtomatik olaraq tövsiyə edir, hədəflərə qarşı sürətli və effektiv cavab tədbirlərini yerinə yetirir və eyni zamanda, qərar qəbuletmə prosesində insan faktorunu qoruyur. Sensorlardan hədəfə qədər tam zənciri təmin edən sistem müxtəlif tipli məhvetmə vasitələrindən istifadə etməklə eyni anda geniş əraziləri əhatə edə bilir. O, elektro-optik, radar və digər sensorlarla təchiz olunaraq operatora real vaxt rejimində detallı hava şəklini təqdim edir. Bu da eyni anda bir hədəfə qarşı bir neçə məhvetmə vasitəsinin koordinasiyalı şəkildə buraxılmasına və məhvetmənin təsdiqinə qədər prosesi izləməyə imkan verir. Sistem bir neçə aşkarlama qatında fəaliyyət göstərə bilir və həm yumşaq zərbə (soft-kill) üçün radioelektron mübarizə vasitələrindən, həm də müxtəlif tipli məhvetmə sistemlərindən istifadə edərək aşağı hündürlüklü hava hədəflərinə qarşı kompleks müdafiə təmin edir.

IAI bu günə qədər yüzlərlə PUA aşkarlama və məhvetmə sistemini dünyanın müxtəlif ölkələrinə təqdim edib. Satışların ümumi dəyəri yüz milyonlarla ABŞ dolları təşkil edir və bu sistemlər hazırda ABŞ, Avropa və Asiyada fəaliyyət göstərərək yerüstü obyektləri, mobil platformaları və strateji infrastrukturu qoruyur. Yeni nəsil “C-UAS Swarm” həlli isə bu sistemlərin növbəti mərhələsini təmsil edir. Bu sistem açıq arxitektura və yüksək avtomatlaşdırma qabiliyyətləri sayəsində müxtəlif sensor və məhv etmə vasitələri ilə inteqrasiyanı asanlaşdırır, eləcə də müxtəlif əməliyyat tələblərinə sürətli uyğunlaşma imkanı verir.

CATEGORIES