İranın Çexiya mühərrikli və Kanada naviqasiyalı “Şahed-238” PUA-sı – TƏHLİL
“Şahed-238” reaktiv pilotsuz uçuş aparatı (PUA) Qərb komponentlərindən, o cümlədən əsas komponentdən – kiçik reaktiv mühərrikdən yığılıb.
“Poliqon”un məlumatına görə, belə bir qənaətə ukraynalı analitiklər gəliblər.
Ukraynanın müdafiə qüvvələri Rusiya Federasiyasının bu ilin yanvarında son hücumlarından birində istifadə etdiyi İran istehsalı olan “Şahed-238” reaktiv PUA-sını “endirə biliblər”. Ukraynalı analitiklər Ukraynada vurulan İran istehsalı “Şahed-238” (“Shahed-238”) reaktiv PUA-nın komponentlərini təhlil ediblər.
“Defence Express” nəşrinin əməkdaşlarının ixtiyarında Rusiyanın buraxdığı “Şahed-238” PUA-sının “sökülməsi” ilə bağlı reportaj olub. Bu reportajdan məlum olur ki, sanksiyalara baxmayaraq, İranın hələ də Qərb istehsalı olan bir sıra komponentlərə çıxışı var.
Ukrayna üçün yeni model zərbə dronu Çexiyanın “PBS Velká Bíteš” şirkəti tərəfindən istehsal edilən TJ150 adlandırılan reaktiv mühərriklə təchiz edilib. Maksimum dartqı gücü 1500 N olan mühərrikin çəkisi cəmi 18,9 kq, diametri 272 mm və uzunluğu 518 mm-dir. Şirkət onu pilotsuz aviasiya sistemləri üçün xüsusi bir həll kimi nümayiş etdirir. Bu mühərrik Ukrayna hərbçiləri tərəfindən radar müşahidəsi zamanı qeydə alınan uçuşun marş hissəsində “Şahed-238”-ə saatda təxminən 520 km-lik sürəti təmin edir.
PUA-nın idarə edilməsi avtonom rejimdə peyk siqnalının korreksiyası ilə inersial sistemə əsaslanan bort naviqasiya sistemi tərəfindən təmin edilir. Peyk naviqasiya siqnallarını qəbul etmək üçün Kanadanın “Tallysman” şirkətinin dörd TW1721 antena blokundan istifadə olunur. Onların işlənməsi “Analog Devices” şirkətinin AD9361BBCZ mikrosxemlərində, “NXP USA Inc” şirkətinin MIMXRT1052 mikronəzarətçilərində və “Intel” şirkətinin N63A0QI mikrosxemlərində həyata keçirilir. Hər üç şirkət ABŞ-də yerləşir.
İnersial naviqasiya bloku həmçinin İsveçrənin “STMicroelectronics” şirkəti tərəfindən istehsal edilən STM32F405 mikronəzarətçi çiplərindən və ABŞ-nin “Analog Devices” şirkətinin iSensor ADIS16480 inertial ölçmə modulundan istifadə etməklə Qərb elektronikası üzərində qurulub.
“Şahed-238” PUA-sının uçuş idarəetmə və komanda modulu ABŞ-nin “Texas Instruments” şirkətinin TMS320 F28335PGFA mikroprosessoru ətrafında qurulub.
Beləliklə məlum olur ki, İranın “Şahed-238” PUA-sı mülki bazarda mövcud olan xarici komponentlərdən yığılmışdır. Eyni zamanda, miniatür reaktiv mühərriklər kimi komponentlərin Çexiyadan Tehrana çatdırılması prosesi tədqiqat üçün kifayət qədər maraqlıdır. Çünki bir çox ölkələrin hökumətləri üçün bunu qeyri-mümkün etmək olduqca mümkündür.
Xatırladaq ki, İran “Şahed-238” reaktiv PUA-sını rəsmən 2023-cü ilin noyabrında təqdim edib. PUA-nı İranın “Aşura” Aerokosmik Elmlər və Texnologiyalar Universiteti inkişafların təqdimat mərasimində nümayiş etdirib.
PRANA Network haker qrupunun dərc etdiyi sənədlərdən məlum olur ki, Rusiya 2023-cü ildə bu PUA-ların istehsalının artıq “Şahed-136”-nın qismən istehsalı və yığıldığı Alabuqadakı zavodda qurulması imkanlarını öyrənib (https://poliqon.az/rusiya-sahed-236-pua-nin-istehsalini…/).
Ötən ilin aprelin 4-dən 8-dək olan müddətdə Rusiya nümayəndə heyəti – “Alabuqa” ASC-nin təyyarə planerləri, avionika, mühərrik istehsalı üzrə mütəxəssisləri və İT sektorunun nümayəndələri daxil olan nümayəndə heyəti İrana səfər edib və reaktiv PUA-nın sınaqlarının nümayiş olunduğu poliqonu ziyarət edib. Bu zaman PUA, uçuş tapşırığına uyğun olaraq uğurla havaya qalxmış, tapşırığı yerinə yetirmiş və paraşütlə uğurla eniş etmişdir. Nümayəndə heyətinin nümayəndələrinin qeyd etdiyi kimi, yüksək sürəti nəzərə alsaq, PUA mahiyyətcə qanadlı raketdir. Onların fikrincə, onun əsas üstünlüyü önəmli hədəfləri sürətlə vurmaq qabiliyyətidir.
Dərc edilmiş təqdimat reaktiv mühərrikli pilotsuz uçuş aparatınln göyərtəsində 50 kq döyüş başlığı daşıdığını göstərir. O, 600 km/saat sürətə çata və 2000 km-ə qədər məsafə qət edə bilir. Ancaq sonuncu parametr çox güman ki, səhvdir və digər məlumatlara görə 1000 km-dir.
PUA-nın uzunluğu 3,5 m, qanad açıqlığı 3 m və hündürlüyü 0,5 m-dir. Maksimal uçuş ağırlığı 250 kq-dır. PUA üzərində 4 ədəd Nasir antennası quraşdırılıb.
Hazırda ictimaiyyətə açıq olan məlumatlara əsasən, vurulan pilotsuz təyyarənin dəqiq harada istehsal edildiyini və onun yığılmasında Rusiyanın iştirak edib-etmədiyini müəyyən etmək mümkün deyil.
Əhəd Vahidoğlu