İspaniya Türkiyədən HÜRJET təlim təyyarəsi almağa yaxındır

İspaniya Türkiyədən HÜRJET təlim təyyarəsi almağa yaxındır

TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET üçün NATO və digər dünya ölkələrinin qapılarını aça biləcək razılaşma İspaniyada imzalanıb.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, TUSAŞ, “Airbus” və İspaniya Müdafiə Nazirliyi arasında imzalanan Anlaşma Memorandumuna əsasən, HÜRJET-in İspaniyaya satışı ilə bağlı önünün açılması və bu təyyarənin birgə infrastruktur istehsalının İspaniyada həyata keçirilməsi nəzərdə tutulur.

Bu barədə açıqlama verən TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu, sözügedən razılaşmanın HÜRJET layihəsi çərçivəsində atılan addımlar arasında mühüm bir mərhələ təşkil etdiyini diqqətə çatdırıb: “Bu müqavilə ilə sənaye sahəsində hansı iş birliyinin ediləcəyini, İspaniya üçün istehsal edilən HÜRJET konfiqurasiyasında hansı şirkətlərin hansı məhsulları olacağını müəyyənləşdiririk və onlarla işləməyə başlayacağımız prosesin ilk addımını atırıq”.

Baş direktor imzalanan razılaşmanın Türkiyə və TUSAŞ üçün əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, bu, TUSAŞ və Türkiyə baxımından bu səviyyədəki ilk razılaşmadır. Çünki müzakirə olunan məsələ, Türkiyədə istehsal edilən bir reaktiv təlim təyyarəsinin NATO ölkəsində istifadəyə verilməsi və bəzi alt sistemlərinin həmin ölkədə TUSAŞ-la birlikdə yerləşdirilməsidir.

M.Demiroğlu, razılaşma ilə birlikdə texniki səviyyədə işlərin sürətlənəcəyini vurğulayıb: “Bu vaxta qədər HÜRJET-də yerliləşdirməni Türkiyədə etmişdik, amma indi İspaniyada edəcəyik. Bu, bizim üçün çox önəmli və potensialı yüksək razılaşmadır. Çünki bunu bacardığımız təqdirdə bir çox başqa qapı da açılacaq. Sadəcə NATO üçün deyil. Biz inanırıq ki, bu platforma digər dünya ölkələri üçün də həm təlim, həm də yüngül hücum baxımından istifadə edilə biləcək vasitə olacaq. Ciddi bir boşluğu dolduracaq. Biz çox ümidliyik, qürurluyuq və işlərə davam edəcəyik.

HÜRJET, çox güvəndiyimiz, ümid bəslədiyimiz platformadır. Yüksək səviyyəli təlim təyyarəsidir və həqiqətən ciddi bir boşluğu doldurur. Həm Türkiyə Hərbi Hava Qüvvələri, həm də NATO üçün ideal təlim təyyarəsidir və müxtəlif konfiqurasiyaları olacaq. Yalnız NATO ölkələri deyil, digər ölkələr üçün də HÜRJET-in çox yaxşı və istifadəyə yararlı məhsul olduğunu, həm təlim, həm də yüngül hücum vəzifələrində ideal təyyarə olduğunu düşünürük.”

HÜRJET üçün imzalanan razılaşmanın çoxşaxəli olduğunu qeyd edən TUSAŞ-ın baş direktoru, xüsusilə etimad mövzusunda Türkiyənin digər sənaye və təhlükəsizlik məhsulları üçün də qapılar aça biləcəyini söyləyib.

“Biz bir platforma satdığımız zaman bütün ekosistemi satmış oluruq. Təyyarənin struktur və infrastruktur istehsalı üçün yüzlərlə şirkətlə işləyirik. Bu spektr çox ciddi şəklidə genişlənir. Hamımız birlikdə bir məhsul satmış oluruq. Bir məhsulla bir bazara girdiyiniz zaman digər məhsulların da qapısını açmış olursunuz. Quru, dəniz, hava sahəsində öz məhsullarımız, helikopterlərimiz, pilotsuz uçuş aparatlarımız, bəlkə KAAN üçün də qapı açmış oluruq. Çünki istifadə etdikcə, xidməti gördükcə etibar yaranır və bu da seçimi gətirir”, – deyə Mehmet Demiroğlu bildirib.

Qeyd edək ki, TUSAŞ şirkəti reaktiv mühərrikli HÜRJET təlim təyyarəsinin İspaniya Hava-Kosmik Qüvvələrinin kamuflyajında rənglənmiş maketini (mock up) Madrid şəhərində keçirilən FINDEF-2025 sərgisində nümayiş etdirib.

CATEGORIES
TAGS