QuruXəbərlər

İsrail BARAK MX HHM sistemini Slovakiyaya təhvil verib

İsrail Müdafiə Nazirliyi BARAK MX hava hücumundan müdafiə (HHM) sistemini Slovakiya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.

“Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sözügedən tədarük Nazirliyin tərkibində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Əməkdaşlığı İdarəsi (SIBAT) və “Israel Aerospace Industries” (IAI) şirkəti ilə birgə həyata keçirilib.

Bildirilib ki, 2024-cü ildə imzalanmış və dəyəri 560 milyon avro olan müqavilə çərçivəsində reallaşdırılan bu tədarük planlaşdırılandan əvvəl tamamlanıb. Paket, həmçinin təlim və əməliyyat hazırlığını da əhatə edir.

Yeni sistem Slovakiyanın hava məkanının mühafizə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. BARAK MX pilotsuz uçuş aparatları, döyüş təyyarələri, qanadlı və ballistik raketlər də daxil olmaqla geniş spektrli hava təhdidlərinə qarşı effektiv müdafiə təmin edir. Eyni zamanda, bu addım NATO-nun kollektiv təhlükəsizlik arxitekturasını daha da gücləndirir.

Layihə Slovakiya sənayesi ilə əməkdaşlığı da əhatə edir. Bu əməkdaşlıq çərçivəsində yerli istehsalın inkişafı, texnologiya transferi və iqtisadi artım təşviq olunur.

BARAK MX quru, dəniz və mobil platformalarda istifadə üçün hazırlanmış çoxqatlı hava hücumundan müdafiə sistemidir. Sistem 35 km, 70 km və 150 km mənzilli üç müxtəlif qabaqcıl tutucu raketlərlə təchiz olunub. Bu raketlər müasir döyüş başlıqları ilə təchiz edilib və mürəkkəb əməliyyat şəraitində eyni anda bir neçə hədəfi yüksək dəqiqliklə məhv etməyə imkan verir.

Sistemin əsasını çoxməqsədli radarların (MMR) inteqrasiyası təşkil edir. Bu radarlar hədəflərin aşkarlanması, təsnifatı və izlənməsi funksiyalarını təmin edir.

Back to top button