İsveç Silahlı Qüvvələri əlavə IRB ponton körpüləri alır

İsveç Silahlı Qüvvələri əlavə IRB ponton körpüləri alır

Avropada fəaliyyət göstərən “General Dynamics European Land Systems-Bridge Systems” (GDELS-BS) şirkəti İsveç Silahlı Qüvvələrinə “Improved Ribbon Bridge” (IRB) ponton körpüləri tədarük edəcək.

“Poliqon” GDELS-ə istinadən xəbər verir ki, bunun üçün şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında müqavilə imzalanıb.

GDELS-BS tərəfindən istehsal edilən “Improved Ribbon Bridge” ponton körpüsü HYS 80 T ağırlığındakı texnikaların suyun üzərindən keçidini təmin etmək üçün nəzərdə tutulub. IRB, həm tırtıllı texnikaların, həm də təkərli nəqliyyat vasitələrinin və yük maşınlarının keçə bilməsi üçün uyğundur. O, “Leopard 2”, M1A2 “Abrams” və “Challenger 2” kimi əsas döyüş tanklarının keçidini təmin edir.

Ponton körpünün daşınmasında istehsalçı müştərilərinə bir çox seçim imkanı verir. Belə ki, “Improved Ribbon Bridge” ponton körpüsü NATO standartlarına cavab verən istənilən 8×8 təkər formullu yük maşınının bortunda və ya qoşqunun üzərində daşına bilir. IRB qoşqu üzərində daşındıqda bu vaxt 3 oxlu qoşqulardan istifadə edilir. 8×8 təkər formullu yük maşınının bortunda daşındıqda GDELS-BS şirkəti müştərilərə əsasən ABŞ (“Oshkosh Defense” şirkətinin HEMTT A4 yük maşını) və Almaniya (“Rheinmetall” şirkətinin HX seriyalı yük maşınları) istehsalı olan yük maşınlarını təklif edir.

Digər ponton körpülərdə olduğu kimi “Improved Ribbon Bridge”nin də qurulması, hərəkət etdirilməsi və suda stabil saxlanılması üçün dəstək katerlərinə ehtiyac duyulur. GDELS şirkəti burada da müştərilərinə seçim imkanı verir. Bunun səbəblərindən biri “General Dynamics European Land Systems” şirkətinin quru texnikalarının və körpü sistemlərinin istehsalı ilə məşğul olmasıdır.

Bərə və körpü kimi istifadə edilən “Improved Ribbon Bridge”nin əsas üstünlüklərindən biri onun Avropa şirkətləri tərəfindən NATO standartlarında istehsal edilən digər ponton körpülər ilə birgə quraşdırıla bilməsidir. Bundan başqa, IRB ponton körpüsü M3 səyyar üzən hücum körpüsü ilə də qarşılıqlı fəaliyyət göstərmək imkanına sahibidir.

Günümüzdə “Improved Ribbon Bridge” ponton körpüsünün əsas istifadəçiləri ABŞ və Almaniya Silahlı Qüvvələridir. IRB, 2003-cü ildən bəri həm ABŞ Ordusu, həm də ABŞ Dəniz Piyadaları Korpusunun xidmətindədir. Ponton körpü bu bölmələr tərəfindən müxtəlif bölgələrdəki döyüşlərdə aktiv olaraq istifadə edilib.

Hazırda İsveç Silahlı Qüvvələrinin bölmələri tərəfindən IRB körpüləri istifadə olunmaqdadır. Bundan əlavə, İsveç FMV ölkənin Silahlı Qüvvələri üçün GDELS şirkətinə M3 səyyar üzən hücum körpüləri də sifariş edib.

CATEGORIES