İsveç və Danimarka Ukraynanın hava hücumundan müdafiəsini gücləndirir

İsveç və Danimarka Ukraynanın hava hücumundan müdafiəsini gücləndirir

İsveç və Danimarka Ukraynaya dəstək məqsədilə birlikdə “Tridon Mk 2” zenit-top kompleksləri satin alacaq.

“Poliqon” xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson və Danimarkanın müdafiə naziri Troels Lund Poulsen açıqlayıblar.

Bildirilib ki, digər ölkələrə İsveç istehsalı olan hərbi texnikanın birgə maliyyələşdirilməsində iştirak imkanı yaradılmaqla istehsal həcmlərinin artırılması, xərclərin azaldılması və istehsal qabiliyyətinin yüksəldilməsi hədəflənir. Bu yanaşma Ukraynanın daha çox silah sistemini daha qısa müddətdə əldə etməsinə imkan verəcək.

“Tridon Mk 2”, İsveçin “BAE Systems Bofors” şirkəti tərəfindən istehsal edilən yeni nəsil mobil hava hücumundan müdafiə (HHM) sistemidir. Sistem, 90 ildən artıqdır ki, dünya üzrə istifadə edilən 40 mm-lik “Bofors” topunun yeni versiyası və digər sınaqdan çıxmış altsistemlər əsasında hazırlanıb. Daşıyıcı platforma kimi “Scania” markalı yolsuzluq imkanına malik yük avtomobilindən istifadə olunur, lakin sistem digər platformalara, o cümlədən tırtıllı nəqliyyat vasitələrinə də inteqrasiya edilə bilər.

“Tridon” HHM sistemi pilotsuz uçuş aparatlarının, qanadlı raketlərin, helikopterlərin və hücum təyyarələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, yerüstü təhdidlərə qarşı yaxın müdafiə məqsədilə də istifadə oluna bilər.

Ukraynaya ianə ediləcək “Tridon” sistemləri əlavə olaraq idarəetmə sistemləri və “Saab” şirkətinin “Giraffe 1X” sensorları ilə təchiz ediləcək. Komplektə ehtiyat hissələri və böyük həcmdə sursat, o cümlədən proqramlaşdırıla bilən qabaqcıl 3P tipli mərmilər də daxildir.

Sistemlərin Ukraynaya çatdırılmasına 12 ay ərzində başlanılması planlaşdırılır. İsveç, digər ölkələrin təşəbbüsə qoşulacağı təqdirdə, əlavə “Tridon” sistemlərinin sürətlə sifariş edilməsi üçün hazırlıq görüb.

CATEGORIES
TAGS