Cari ilin ilk rübündə ASELSAN şirkətinin gəliri artıb

Cari ilin ilk rübündə ASELSAN şirkətinin gəliri artıb

Oyun dəyişdirən texnologiyalar hazırlayan, ixracyönümlü böyüyən və öz sahəsində ən yaxşı məhsulları istehsal edən ASELSAN şirkətinin cari ilin birinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 22.8 milyard TL-yə (592.4 milyon ABŞ dolları) çatıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, hava hücumundan müdafiə (HHM), silah, radar, elektron müharibə, elektro-optika, hərbi rabitə və dəniz sistemləri üzrə tədarüklər sözügedən dövr ərzində əldə olunan gəlirin əhəmiyyətli hissəsini təşkil edib.

Əməliyyat səmərəliliyini fəaliyyətinin mərkəzində saxlayan ASELSAN-ın EBITDA marjası müvafiq dövrdə 23% təşkil edib və əvvəlki dövrlə müqayisədə 10% artaraq 5.1 milyard TL-yə (132.5 milyon dollar) çatıb.

Həyata keçirdiyi tədqiqat-inkişaf (Tə-İn) layihələrinin sayına görə Türkiyədə lider olan ASELSAN-ın Tə-İn xərcləri əvvəlki ilə nisbətən 33% artaraq, müvafiq dövrdə 250 milyon ABŞ dolları olub.

Bundan əlavə, şirkətin investisiya xərcləri də ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıb. Tə-İn və kütləvi istehsal üçün investisiya xərclərinin artmağa davam etdiyi ilin ilk üç ayında ASELSAN-ın maliyyə borcları 8%, kommersiya borcları isə 37% azalıb.

ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini qiymətləndirib: “2025-ci ilin birinci rübünün maliyyə nəticələri haqqında deyilə biləcək ilk məqam, 2024-cü ildə əldə etdiyimiz güclü yüksəlişi eyni qaydada davam etdirməyimizdir. 2024-cü il ASELSAN üçün hər mənada rekordlar ili oldu. Demək olar ki, hər bir göstərici üzrə tariximizdə ən yaxşı rəqəmlərə nail olduq. İlə yüksək texnologiyalarımızla yanaşı, parlaq maliyyə nəticələrimizlə də damğa vurduq. 2024-cü il mühasibat balansımızla biz həm BIST-30-dakı şirkətlərdən daha yaxşı performans göstərmiş, həm də dünyadakı böyük müdafiə sənayesi şirkətlərindən müsbət şəkildə fərqlənmişik. 024-cü ildə dünyanın ən sürətlə inkişaf edən müdafiə sənayesi şirkətlərindən birinə çevrilməyi bacardıq.

2025-ci ilin ilk rübünün nəticələrinə baxdıqda uğurlu performansımızı davam etdirdiyimizi görürük. Biz real olaraq dövriyyəmizi təxminən 10 faiz artırmağa və pul axınımızı yaxşılaşdırmağa davam etdik. Birinci rübün nəticələri də gələcək perspektivimizin müsbət olduğunu göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə alınan sifarişlərin 46 faiz artması müştərilərimizin ASELSAN-a olan inamının əyani sübutudur. Xüsusən də xaricdən alınan biznesin 220 faiz artması ixracyönümlü inkişaf strategiyamızla düzgün yolda olduğumuzu göstərir”.

Onun sözlərinə görə, ASELSAN birinci rübdə əvvəlki ilə nisbətən investisiya xərclərini 70%, Tə-İn xərclərini isə 33% artırıb. ASELSAN 2024-cü ili BİST-100-də 6-cı ən dəyərli şirkət olaraq bağlasa da, hazırda BİST-100-ün ən dəyərli şirkətidir.

“Birinci rübdə məhsul və texnologiyalarımızla əhəmiyyətli uğurlar əldə etdik. HİSAR O HHM sisteminin seriyalı istehsal tədarüklərinə davam etdik. PUHU 3-LT elektron dəstək sistemlərimizi, modernləşdirdiyimiz zirehli döyüş maşınlarını qəhrəman ordumuzun istifadəsinə verdik. “Gözde” tuşlama dəstimizin “Bayraktar Akıncı”dan atışını uğurla həyata keçirdik. ANTIDOT 2-U/S elektron dəstək podumuzun “Bayraktar TB2” platformasındakı ilk sınaqlarını tamamladıq. TOLUN sursatımıza “yer-yer” tipli vuruş xüsusiyyəti qazandıran GÖKTAN layihəsindəki atış sınağını uğurla yekunlaşdırdıq. Dəqiq hava hücumundan müdafiə sistemi olan GÖKSUR da suüstü platformadan ilk atışını uğurla yerinə yetirdi”, – deyə A.Akyol vurğulayıb.

Baş direktor bildirib ki, ASELSAN məhsullarına, xüsusilə HHM, radar və elektro-optik sistemlərə istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə böyük maraq var: “Hazırda biz bu məhsulların kütləvi istehsal gücünün artırılmasına yönəlmişik. Foton detektorları, radarlar və hava hücumundan müdafiə sistemləri ilə bağlı 616 milyon dollarlıq üç əsas sərmayəmiz Sənaye və Texnologiya Nazirliyi tərəfindən Layihə Əsaslı İnvestisiya Təşviqinə daxil edilib. Xüsusilə, ÇELİKKUBBE konsepsiyamız üçün kritik olan bu sərmayələrlə ASELSAN-ın yüksək əlavə dəyərli məhsulları çox sayda istehsal etməsini təmin edəcəyik”.

Qeyd olunub ki, ASELSAN-ın bu ilin birinci rübündə imzaladığı yeni müqavilələr əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46% artaraq 1.5 milyard ABŞ dolları təşkil edib. Bunların 372 milyon ABŞ dolları həcmindəki hissəsi ixrac müqavilələridir. 2025-ci ilin birinci rübünün sonunda ASELSAN-ın balans sifarişlərinin həcmi 15 milyard ABŞ dollarına yüksəlib.

CATEGORIES
TAGS