
“Saab” (İsveç) və “PGZ Group” (Polşa) şirkətləri arasında dəniz sahəsində strateji əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, saziş çərçivəsində tərəflər suüstü gəmilər və sualtı qayıqların servis və xidmət dövrü dəstəyi sahəsində əməkdaşlıq etmək, “PGZ Group”un dəniz sahəsində fəaliyyət göstərən qurumlarını “Saab”ın təchizat zəncirinə inteqrasiya etmək, o cümlədən xilasetmə gəmiləri də daxil olmaqla suüstü və sualtı platformalar üzrə seçilmiş ixrac imkanlarını birlikdə dəyərləndirmək niyyətlərini ifadə ediblər.
Bundan əlavə, gələcəkdə Polşada Sualtı Texnologiyalar Mərkəzinin yaradılması planlaşdırılır. Hər iki şirkət “Saab”ın “Autonomous Ocean Drone” sisteminin istehsalı və marketinqini birgə qiymətləndirəcək, habelə ağır sinif torpedo üzrə əməkdaşlıq imkanlarını araşdıracaq.
Qeyd olunub ki, bu saziş 2025-ci ilin sentyabr ayında Keltsedə keçirilən MSPO sərgisi zamanı “Saab” və “PGZ” arasında imzalanmış Anlaşma Memorandumunun nəticəsidir.
2026-cı ilin mart ayında isə tərəflər Polşanın “Orka” sualtı qayıq proqramı çərçivəsində sualtı qayıqların texniki xidməti, təmiri və modernləşdirilməsi imkanları üzrə əməkdaşlıq niyyətini əks etdirən daha bir saziş imzalayıblar.
Şirkətlər həmçinin çoxsahəli müdafiə həllərinin hazırlanması ilə bağlı layihələr üzrə əlavə əməkdaşlıq imkanlarını da araşdırırlar.




