İtaliya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb

İtaliyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dünən axşam saatlarında rəsmi qarşılanma mərasimi keçirilib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

S. Əbiyevin İtaliya Respublikasının müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.

Görüşdə Azərbaycanla İtaliya respublikaları arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər.

20 ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin həyata keçirilmədiyini diqqətə çatdıran nazir Səfər Əbiyev bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük deyən nazir Səfər Əbiyev qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.

Görüşün sonunda İtaliya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.

Bu gün isə müdafiə naziri Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.

CATEGORIES