İtaliyada yenilənmiş C1 “Ariete” tankının sınaqları keçirilir
İtaliyada yenilənmiş C1 “Ariete” tankının ilk prototipi sınaqdan keçirilib.
“Poliqon” “İtalian Defence Technologie” portalına istinadən məlumat verir ki, Roma yaxınlığındakı CEPOLISPE poliqonunda AMV (Aggiornamento di Mezza Vita) proqramı çərçivəsində tankın yürüş sınaqlarına başlanılıb.
“Iveco Defence Vehicles” və “OTO Melara” (“Società CIO”) konsorsiumu 3 ədəd C1 “Ariete AMV” tankının prototipini hazırlamalıdır. Onları sınaqdan keçirdikdən sonra İtaliya Müdafiə Nazirliyi 90-cı illərdə hazırlanmış 200 ədəd C1 “Ariete” tankından 125 ədədinin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edəcək.
Yenilənmiş C1 “Ariete” tankının əsas dəyişikliklərinə onun gücünün 1250 at gücündən 1500 at gücünə qədər artırılması ilə mühərrikin təkmilləşdirilməsi, həmçinin yeni transmissiya, tamamilə yenilənmiş əyləc sistemi və eni 20% artırılmış yeni tırtıllar aiddir. Təkmilləşdirilmiş tank “Common Rail” yanacaq təchizatı sisteminə malik IVECO V12 MTCA dizel mühərriki ilə təchiz edilib. Həmçinin, istehsalçı C1 “Ariete AMV” tankına “Centauro II” təkərli zirehli maşınının hədəfi müşayiətetmə avtomatından, yeni nişangahlarından və meteo sensorlarından ibarət atəşi idarəetmə sistemini inteqrasiya etməyi planlaşdırır.
İtaliya Silahlı Qüvvələrinin C1 “Ariete” əsas döyüş tankı 1984-cü ildə Almaniyanın “Leopard 2” tankının bazasında hazırlanıb və kütləvi istehsalına 1995-ci ildə başlanılıb. 2002-ci ilə qədər İtaliya Quru Qoşunlarının silahlanmasına qəbul edilmiş 200 ədəd tank istehsal olunub.
C1 “Ariete” tankı klassik kompanovkaya malikdir. Döyüş kütləsi 54 tondur, 4 heyət üzvünü yerləşdirə bilir və 120 mm-lik “OTO Melara” hamar lüləli tank topu ilə silahlandırılıb. Topun lüləsinin uzunluğu 44 çapdır. Köməkçi silah olaraq 2 ədəd 7,62 mm-lik MG-3 pulemyotu və əlavə silah kimi 8 ədəd tüstü qumbaraatanı nəzərdə tutulub.
Tankın uzunluğu 7990 mm (topun lüləsi irəli vəziyyətdə 9870 mm), eni 3600 mm və hündürlüyü 2500 mm-dir (panorama nişangahı ilə birlikdə 2860 mm).
Əhəd Əzizov