QuruXəbərlər

“Javelin”lər üçün ilk yüngül komanda-buraxılış qurğuları ABŞ Ordusuna çatdırılıb

“Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin Joint Venture” (JJV) ABŞ Ordusuna ilk yüngül komanda-buraxılış qurğularını (LWCLU) təhvil verib.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, “Javelin” tank əleyhinə raket sisteminin yeni nəsil buraxılış qurğusu olan LWCLU bütün mövcud, əvvəlki və gələcək “Javelin” variantları ilə uyğun işləmək üçün hazırlanıb.

LWCLU sistemi hədəfin aşkarlanması və tanınması məsafəsini iki dəfə artırmaqla yanaşı,”Javelin”in çəkisini 25% azaldır. Qurğu gündüz və gecə döyüş imkanları təqdim etməklə əsgərlərin müşahidə imkanlarını maksimum səviyyəyə çatdırır.

Bu günədək “Raytheon” şirkəti istehsal sürətini artırmaq və genişləndirmək məqsədilə LWCLU zavodunun modernləşdirilməsinə 22 milyon ABŞ dolları sərmayə yatırıb. ABŞ Ordusu ilə əməkdaşlıq çərçivəsində Arizona ştatının Tuson şəhərində yerləşən müəssisədə illik istehsal həcmi artırılır.

JJV-nin prezidenti və “Raytheon”un “Javelin” proqram direktoru Jenna Hunt Frazier bildirib ki, ABŞ Ordusuna ilk LWCLU-ların təhvil verilməsi birgə müəssisənin hərbçilər üçün texnologiyanı davamlı şəkildə inkişaf etdirmək öhdəliyini nümayiş etdirir. Onun sözlərinə görə, modernləşdirmə və istehsal gücünə yatırılan sərmayələr əsgərlərin bu qabaqcıl imkanları daha sürətli əldə etməsinə şərait yaradır.

JJV-nin vitse-prezidenti və “Lockheed Martin”in “Javelin” proqram direktoru Rich Liccion isə vurğulayıb ki, LWCLU-nun istehsalı və təhvil verilməsi “Javelin” sisteminin müasir döyüş şəraiti üçün yenilənməsində mühüm mərhələdir. O, innovativ dizaynın hərəkətlilik və sağqalma imkanlarını artırmaqla yanaşı, istifadəçilərin etibar etdiyi yüksək dəqiqlikli atəş gücünü də qoruyub saxladığını qeyd edib.

HJQCKyTWgAA541J

Back to top button