KADEX-2016: “Rafael” “Spike” raketini Mərkəzi Asiya bazarına təqdim edib
İsrailin “Rafael” şirkəti KADEX-2016 sərgisində “Spike” tank əleyhinə raket kompleksi ailəsindən uzun mənzilli “Spike-ER” kompleksini region bazarına təqdim edib.
“AzeriDefence”nin məlumatına görə, “Spike ER” raketi “Rafael” şirkətinin stendində yer alıb.
İsrail hərbi şirkətlərinin marketinq üzrə nümayəndələrinin sözlərinə görə, aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan arasında baş vermiş döyüşlərdən sonra bölgə ölkələrindən İsrail silahlarına maraq ifadə olunub. Bu sırada “Spike” tank əleyhinə idarə olunan raket kompleksləri xüsusi yer tutur.
“Döyüş əməliyyatlarında Azərbaycan hərbçilərinin praktiki olaraq tətbiq etdiyi bu raketlərin effektiv nəticələri məlumdur. Bu da “Spike” sisteminə olan marağın artmasında rol oynadı. “Spike” sözsüz ki bu gün öz sinfində ən yaxşı raketlərdən biri olduğunu isbat edir”, – deyə bildirilib.
Qeyd edək ki, “Spike ER” raketlərinin effektiv atış məsafəsi 8 km, “Spike LR” raketlərininki isə 4 km-dir.