
“Kalaşnikov” təkmilləşdirilmiş PPK-20 tapança-pulemyotlarını sifarişçiyə çatdırıb
“Kalaşnikov” konserni təkmilləşdirilmiş 9 mm-lik PPK-20 tapança-pulemyotlarının yeni partiyasını sifarişçiyə çatdırıb.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, ilin sonuna qədər PPK-20-nin hüquq-mühafizə orqanlarına tədarükü ilə bağlı bir neçə böyük müqavilənin daha yerinə yetiriləcəyi gözlənilir.
Bildirilib ki, tapança-pulemyotun əməliyyat şəraitində, o cümlədən xüsusi hərbi əməliyyat zonasında tətbiqi təcrübəsi onun effektivliyini göstərir. Ekspertlərin qiymətləndirməsinə görə, məhsula tələbatın artması onun perspektivini təsdiqləyir.
Hazırda kütləvi şəkildə istehsal olunan PPK-20 həm Rusiyanın müxtəlif qurumlarına, həm də xarici müştərilərə tədarük edilir. Bu il tapança-pulemyotun istehsal həcmində də yüksək artım müşahidə olunub.
Xatırladaq ki, “Kalaşnikov” konserninin Konstruktor-Texnologiya Mərkəzinin mütəxəssisləri 9 mm-lik PPK-20 tapança-pulemyotunun bolt və qaytarıcı mexanizminin konstruksiyasını təkmilləşdirib. Bununla da bir sıra taktiki-texniki və erqonomik göstəricilər yaxşılaşdırılıb, məhsulun texnoloji əlçatanlığı artırılıb.
“Beş il öncə PPK-20 bizim konstruktorlarımız tərəfindən perspektivli məhsul kimi təqdim olunmuşdu, artıq cari ildə onun modernləşdirilmiş versiyası konsernin silah departamentində böyük həcmdə istehsal olunur. Müştəriləri xüsusi hərbi əməliyyat zonasında öz yüksək performansını sübut etmiş məhsullarla operativ şəkildə təmin etmək üçün bütün səylərimizi göstəririk”, – deyə “Kalaşnikov”un baş direktoru Alan Luşnikov qeyd edib.