
“Kalaşnikov” yeni KUB-E partiyasını ixrac üçün hazırlayır
Rusiyanın “Kalaşnikov” konserni “Rosoboroneksport” şirkəti (hər ikisi “Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) tərəfindən imzalanmış ixrac müqaviləsi çərçivəsində KUB-E süzən sursatlarının istehsalına başlayıb.
Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.
Xatırladaq ki, KUB-E-nin xarici müştəriyə tədarükü ilə bağlı ilk ixrac müqaviləsi 2024-cü ilin oktyabr ayında imzalanıb.
KUB-E süzən sursatı düşmənin taktiki dərinliyində tək və ya qrup halda yerləşən zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. Gecə-gündüz və küləyin sürəti 10 m/s-ə qədər olan vaxtlarda istifadə edilə bilən süzən sursatın idarəetmə sistemi real vaxt rejimində komandaların ötürülməsinə imkan verir.
O, aşağı akustik görünmə səviyyəsi, sadə istismar qaydaları, yüksək gizlilik, tez yerləşdirilmə və buraxılış imkanları ilə seçilir. Onun sürü şəklində də istismar edilməsi mümkündür. Bu cür istifadə zamanı bir yerüstü idarəetmə məntəqəsindən eyni anda 4 ədədə qədər KUB-E süzən sursatı buraxıla bilər.
“Kalaşnikov”un qeyd etdiyinə görə, 2025-ci ildə KUB-E-nin istehsal həcmi, 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, konserninin istehsal gücü bu məhsul üzrə Rusiyadakı daxili sifarişçilərin bütün tələbatını tam ödəməyə və ixrac tədarükünü həyata keçirməyə imkan verir.