
Kamboca Çindən PHL-03 YARS partiyasını alıb
Çin Kambocaya 300 mm-lik PHL-03 yaylım atəşli reaktiv sistemlərin (YARS) partiyasını təhvil verib.
Bu barədə “Poliqon” Kamboca mediasına istinadən məlumat verib.
ABŞ-dan 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bir neçə illik silah tədarükündən sonra Kamboca geniş çeşiddə tanklar, zirehli və zirehsiz nəqliyyat vasitələri və silahlar almaq üçün keçmiş müttəfiqi olan Çinə qayıdıb.
Kamboca Kral Ordusu hazırda Çin istehsalı olan silah və nəqliyyat vasitələri ilə geniş şəkildə təchiz olunub.
Qeyd edək ki, 300 mm-lik PHL-03 YARS Sovet istehsalı BM-30 “Smerç” sisteminin Çin versiyasıdır. O, NORINCO (China North Industries Corporation) şirkəti tərəfindən hazırlanıb və 2004-2005-ci illərdə Çin Xalq Azadlıq ordusunun silahlanmasına qəbul edilib.
PHL-03 YARS həm də AR2 kimi ixrac variantında xarici müştərilərə təklif olunur. Açıq mənbələrin məkumatlarına görə PHL-03 YARS hazırda 174 ədəd Çin Xalq Azadlıq Ordusunda, 36 ədəd Mərakeş Kral Ordusunda, 4 ədəd Efiopiya Quru Qoşunlarında və 13 ədəd Tanzaniya Xalq Müdafiə Qüvvələrində silahlanmadadır.
PHL-03 özündə 300 mm-lik artilleriya reaktiv mərmiləri üçün 12 buraxma borulu orijinal istiqamətləndiricilər paketinin və ümumilikdə döyüş maşınının konfiqurasiyasını saxlayır.
Maksimal atəş məsafəsi döyüş başlığının növündən asılı olaraq 70-130 km-dir. Reaktiv mərmilər qəlpəli-fuqas (HE-FRAG), yanacaq-hava partlayışı maddəli, tank əleyhinə və piyada əleyhinə sursatları (subelementləri) olan kasset döyüş başlıqları ilə mövcuddur. Kasset döyüş başlıqları tank əleyhinə özütuşlanan sursatları da daşıya bilər. Hər bir reaktiv mərminin standart kütləsi 800 kq, döyüş başlığınln kütləsi isə 280 kq-dır. Bu sistemin tam yaylım atəşi 67 hektara qədər ərazini əhatə edir.
PHL-03 YARS BM-30 “Smerç”in Çin versiyası olsa da, PHL-03 reaktiv mərmiləri “Smerç”dən daha uzun uçuş məsafəsinə malik olduğundan, o, raket texnologiyasında analoqunu geridə qoyub. İstehsalçı iddia edir ki, Çinin 300 mm-lik reaktiv mərmiləri Rusiyanın BM-30 “Smerç” YARS ilə uyğun gəlmir, çünki onlar digər yanacaq mühərrikləri və komponentlərindən istifadə edirlər.
PHL-03 YARS GPS / GLONASS / Beidou naviqasiya sistemli rəqəmsal atəşi idarəetmə sisteminə malikdir. YARS 4 nəfərlik heyət tərəfindən idarə olunur. O, 8×8 təkər formuluna malik “Wanshan WS2400” xüsusi şassisinə quraşdırılıb. Döyüş maşınının kütləsi 43 ton, uzunluğu 12 metr, eni 3 metr və hündürlüyü 3 metrdir. Dizel mühərrik 500 at gücünə (370 kW) sahibdir. Şossedə maksimal hərəkət sürəti saatda 60 km və yanacaq üzrə gediş ehtiyatı 650 km-dir.
Əhəd Əzizov