Kərim Vəliyev “Altın Kıran-2024” təliminin taktiki epizodunu izləyib
Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonuna gəlib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək “Altın Kıran-2024” (“Qızıl Qartal-2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.
Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edilib ki, “Altın Kıran-2024” birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.