
ASELSAN şirkəti BARBAROS-MLU layihəsini uğurla tamamlayıb – VİDEO
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN, BARBAROS sinifli freqatların Orta Ömür Modernizasiya (BARBAROS-MLU) layihəsini uğurla tamamlayıb.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkət, bununla da şirkət dəniz platformalarının modernizasiyasında yeni bir standart müəyyənləşdirib.
Qeyd olunub ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən BARBAROS-MLU layihəsi, Hərbi Dəniz Qüvvələrinin müdafiə strategiyasının mühüm bir hissəsini təşkil edən BARBAROS sinifli freqatların imkanlarını artırmağı hədəfləyir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin spesifik ehtiyaclarına uyğun olaraq hazırlanmış genişmiqyaslı döyüş sistemi inteqrasiya həlli çərçivəsində ASELSAN-ın baş podratçılığı ilə TCG ORUÇREİS gəmisində ümumilikdə 21 sistem yenilənib. Bu yeniliklər arasında radar, elektron müharibə, inteqrasiya olunmuş döyüş və peyk rabitə sistemləri, elektro-optik sistemlər, silah və atəşi idarəetmə, sualtı və naviqasiya dəstək sistemləri kimi həllər yer alır ki, bu da TCG ORUÇREİS-in əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Silah və elektron sistemlərin modernizasiyasına əlavə olaraq, ASELSAN həmçinin gəmidə əsas dirəyin (mast) dəyişdirilməsi, göyərtəüstü və göyərtəaltı düzənləmə işləri, dəniz sabitliyi, HVAC sistemləri (istilik, havalandırma və kondisioner), enerji paylanması və elektromaqnit uyğunluğu ilə bağlı müxtəlif mühəndislik analizlərini də həyata keçirib.
ASELSAN şirkətinin prezidenti və baş direktoru Ahmet Akyol görülən işləri yükəsk qiymətləndirib.
“TCG ORUÇREİS gəmisində 21 sistemi özümüzün inkişaf etdirdiyimiz qabaqcıl dəniz sistemləri ilə yeniləyərək dünyanın ən genişmiqyaslı MEKO sinif freqat modernizasiyasını başa çatdırmağımız üçün qürur duyuruq. Bu sahədə əldə etdiyimiz geniş təcrübə sayəsində ASELSAN bütün dünya donanmalarının ehtiyaclarını qarşılayacaq qabiliyyətə malik olub. Yenilikçi və effektiv dəniz sistemlərimiz dünya miqyasında tanınır. Biz bundan sonra da öz donanmamıza və müttəfiq ölkələrin donanmalarına ən qabaqcıl sistemləri təqdim etməyə davam edəcəyik”, – deyə A.Kyol bildirib.
TCG ORUÇREİS freqatında istifadə edilən ASELSAN sistemləri:
Radarlar:
- AKREP atəşi idarəetmə radarı
- CENK 3D müşahidə radarı
Elektron müharibə sistemləri:
- ARES NEWS mərkəzi idarəetmə sistemi
- AREAS elektron əks-tədbir sistemi
- ARES elektron dəstək sistemi
- KARTACA-N Chaff/Decoy başlatma sistemi
Rabitə Sistemləri:
- GEMS inteqrasiya edilmiş dəniz rabitə sistemi
- TUMSIS X-Band peyk rabitə sistemi
- IdentIFF Mode 5 Dost/Düşmən tanıma sistemi
Elektro-Optik Sistemlər:
- LIAS lazer xəbərdarlıq qəbuletmə sistemi
- PİRİ infraqırmızı axtarış və izləmə sistemi
- MARTI elektro-optik kəşfiyyat və nəzarət sistemi
Silah Sistemləri:
- SMASH uzaqdan idarə edilən stabilləşdirilmiş silah sistemi
- GÖKDENİZ yaxın HHM sistemi
Atəşi idarəetmə sistemləri:
- ATMACA atəşi idarəetmə sistemi
- TAKS top atəşini idarəetmə sistemi
Sualtı sistemlər:
- FERSAH gövdəyə quraşdırılmış ASW sonar
- HIZIR torpedo əleyhinə sistem
Naviqasiya sistemləri:
- MİTOS WECDIS
- KULAÇ əks səs ölçmə sistemi
- ANS inersial naviqasiya sistemləri