Kərim Vəliyev: Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir

Kərim Vəliyev: Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışında deyib.

General-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini Zəfər bayramı münasibətilə təbrik edərək, bu möhtəşəm qələbənin Türkiyənin şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan general-polkovnik əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.

İki ölkə arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Kərim Vəliyev bildirib ki, Azərbaycan və Türkiyə orduları arasında Baş qərargahlar səviyyəsində Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Milli Müdafiə Universitetinin iştirakı ilə keçirilən təlim, döyüş hazırlığı, hərbi təhsil və digər tədbirlərin sayının artırılması nəzərdə tutulub.

Türkiyənin Zəfər bayramının qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi iki ölkə arasındakı dostluq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.

General-polkovnik Kərim Vəliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdırıb: “Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək”.

CATEGORIES
TAGS