
ASELSAN şirkəti Türkiyədə POLİQON Media Qrupunun da yerində izlədiyi KORKUT 35 hava hücumundan müdafiə (HHM) sisteminin döyüş atışlı nümayiş sınağını keçirib.
“Poliqon” xəbər verir ki, nümayiş sınağını 12 ölkədən olan nümayəndə heyətləri də izləyib.
Sınaq zamanı HHM sisteminin hərəkət halında yüksək dəqiqliklə atəş açmaq, hədəfləri aşkarlamaq, izləmək, məhv etmək və real əməliyyat şəraitinə uyğun ssenarilərdə müxtəlif hərəkətli hədəfləri zərərsizləşdirmək qabiliyyəti nümayiş olunub.
Fərqli ssenarilər üzrə keçirilən sınaqlarda döyüş təyyarələri, qanadlı raketlər, “hava-yer” raketləri, helikopterlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektiv olan KORKUT 35 sisteminin xüsusilə müasir döyüş meydanında ən çox rast gəlinən təhlükələrdən hesab olunan kamikadze PUA-lara, eləcə də mini və mikro dronlara qarşı müdafiə imkanlarına xüsusi diqqət yetirilib. Real əməliyyat şəraitini əks etdirən sınaqlarda sistem sabit qanadlı, delta qanadlı, mini və mikro PUA-ları uğurla məhv edib. Bununla da KORKUT 35-in dinamik döyüş mühitində müxtəlif hava hədəflərinə qarşı yüksək effektivliyi nümayiş etdirilib.
Ayrı bir ssenaridə isə KORKUT 35 həm sistem, həm də hədəf hərəkətdə olarkən hərəkətli yerüstü hədəfə qarşı atəş dəqiqliyini və mərmilərin səpələnmə xüsusiyyətlərini nümayiş etdirib. 8×8 taktiki təkərli platformaya inteqrasiya olunan sistem hərəkət zamanı hədəfi dəqiq vurmaq qabiliyyətini uğurla təsdiqləyib.
Canlı atış sınaqları KORKUT 35-in həm hərəkət zamanı atəş bacarığını, həm də kamikadze, mini və mikro PUA kimi dinamik hava təhdidlərinə qarşı yüksək dəqiqliklə atəş açmaq imkanlarını bir daha nümayiş etdirib. Bu, sistemin manevr edən qoşunların və kritik obyektlərin qorunması üçün mobil və effektiv hava hücumundan müdafiə həlli olmaqla yanaşı, aşağı dəyərli hədəflərə qarşı iqtisadi cəhətdən səmərəli müdafiə vasitəsi olduğunu göstərib.
Qeyd edək ki, POLİQON Media Qrupunun iştirakı ilə ASELSAN-ın təşkil etdiyi “International Press Day” proqramı çərçivəsində keçirilən tədbirlər haqqında POLİQON jurnalının yeni buraxılışında geniş reportaj hazırlanacaq.
Reportajda ASELSAN-ın rəhbərliyinin təqdimatları, ən son texnologiyaların canlı nümayişləri, şirkətin baş direktoru və yüksək səviyyəli rəhbərləri ilə görüşlər, eləcə də ASELSAN-ın strateji inkişaf istiqamətləri və beynəlxalq fəaliyyəti barədə ətraflı məlumat təqdim olunacaq.






