Kosova Türkiyədən “Vuran” və “Kirpi” MRAP-ları alır
Rəsmi Ankaranın Kosovoda təhlükəsizlik qüvvələri yaratmasına kömək edəcək addımlarından biri də MRAP (Mine Resistant Ambush Protected) sinifinə aid “Vuran” və “Kirpi” zirehli texnikalarının tədarükü olacaq.
“Poliqon” “Defence24″ə istinadən xəbər verir ki, Kosovo Daxili İşlər Nazirliyi, təhlükəsizlik qüvvələrinin silahlı qüvvələrə çevrilməsi çərçivəsində, Türkiyəyə BMC şirkətinin istehsalı olan 4 ədəd “Vuran” və 10 ədəd “Kirpi” zirehli avtomobili olmaqla, ümumilikdə 14 ədəd MRAP-ın çatdırılmasını sifariş edib.
Kosovo üçün sifariş edilmiş MRAP sinif zirehli texnikalar 120 mm-lik minaatanla təchiz ediləcək. Sifarişin dəyəri açıqlanmasa da, çatdırılma müddəti və miqdarı barədə məlum olan odur ki, ilk iki avtomobil Kosovoya 2022-ci ildə gətirilməlidir. Qalan texnikalar isə daha sonra çatdırılacaq. Qeyd etmək lazımdır ki, bu satınalma yerli təhlükəsizlik qüvvələrinin Türkiyənin dəstəyi ilə nizami silahlı qüvvələrə çevrilməsinin elementlərindən biri kimi həyata keçirilir.
Yayımlanan məlumatda Türkiyənin BMC şirkətindən Kosovoya gətiriləcək zirehli texnikaların xüsusiyyətləri ümumi səviyyədə açıqlanır. Məsələn, məlumatda 4 ədəd “Kirpi” zirehli avtomobilinin 4×4 təkər formullu versiyada təqdim ediləcəyi bilinir. Qeyd edək ki, hər biri belə MRAP sinif zirehli texnika 20 ton kütləyə malikdir və 10 nəfərə qədər desant götürə bilir. “Vuran” zirehli avtomobilinin kütləsi 18,5 ton, 9 nəfər desant götürə bilir. Zirehli avtomobillərin şossedə maksimal hərəkət sürəti müvafiq olaraq saatda 105 və 110 kilometrdir.
Bu avtomobillər 4×4 və ya 6×6 variantından asılı olaraq gücünə görə dəyişən “Cummins” dizel mühərrikləri ilə təchiz olunmuşdur. Dolu yanacaq çəni ilə gediş ehtiyatı 600 – 800 kilometr arasında dəyişir. Hər iki avtomobil ətraf mühitin -32°C – 55°C temperaturunda, həm də yüksək rütubət şəraitində işləyə bilir.
Bu maşınlar üçün belə MRAP sinif zirehli texnikaların hər birinə yerləşdirilə bilən vahid silah növləri – 7,62 mm-lik FN MAG58 və ya 12.7 mm-lik M2HB pulemyotu və yaxud 40 mm-lik MK19 Mod3 avtomatik qumbaraatan nəzərdə tutulub. Lakin, müştərinin istəyinə uyğun olaraq digər silah növlərinin inteqrasiyası da mümkündür.
Əhəd Əzizov