KPE şirkəti ADEX-də zirehli döyüş maşınlarını sərgiləyib

KPE şirkəti ADEX-də zirehli döyüş maşınlarını sərgiləyib

Bakıda keçirilən ADEX-2022 sərgisində Qazaxıstanın “Kazakistan Paramount Engineering” (KPE) şirkəti “Barys” 8×8 və “Alan-2” zirehli döyüş maşınlarını sərgiləyib.

“Poliqon” xəbər verir ki, şirkətin yeni hazırladığı “Alan-2” zirehli nəqliyyat vasitəsi ilk dəfə ADEX sərgisində nümayiş olunub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Alan-2” zirehli döyüş maşını “Tiqr” zirehli maşın sinifinə daxildir, lakin parametrlərinə görə onu üstələyir. “Alan-2” çətin missiyalar üçün yüksək performans və faydalı yükgötürmə qabiliyyəti ilə seçilən zirehli nəqliyyat vasitəsidir.

4×4 təkər formuluna malik olan “Alan-2” çoxməqsədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. “Alan-2” hərbi, xüsusi əməliyyatlar, sülhməramlı missiyaları, hüquq-mühafizə və təhlükəsizlik, habelə sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. “Alan-2” avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir.

“Alan-2” 5.56×45, 7.62×39 və 12.7×99 mm-lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli döyüş maşını RQD-5, RQ-42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır. Bundan başqa döyüş maşını yanğın söndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub.

ALAN2 1

Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən keçirilən sınaqları yekunlaşan “Barys 8×8” 11 ekipajla birlikə 11 personalı və 9 tona qədər faydalı yük daşıma imkanına malikdir. Sürəti maksimum 110 km/saat, gediş ehtiyatı 800 km-dir.

Həmçinin, minalara, əldəqayırma partlayıcı qurğulara və mərmilərə qarşı müdafiəsi STANAG 4569 Level 4B standardına cavab verir. Döyüş maşınında mina əleyhinə oturacaqlar quraşdırılıb ki, bu da maşının yaxınlığında və altında mina partlayışı nəticəsində maşında olan hərbi qulluqçuların təhlükəsizliyini təmin edir.

Bundan başqa “Barys 8×8” döyüş maşının yüksək hərəkətliliyi və minalara davamlı olması onun əsas xüsusiyyətlərindəndir.

“Barıs 8×8” döyüş maşınına inteqrasiya olunan “Ansar” döyüş moduluna 30 mm çaplı 2A42 topu, iki ədəd 7,62 mm PKT pulemyotu və tüstü qumbaraları daxildir. Həmçinin, “Ansar” döyüş modulu axtarış və izləmə sistemi, TV kamera, termal kamera və lazer məsafəölçəni, gecəgörmə cihazları, meteoroloji sistem ilə təchiz olunub.

Poliqon.az

CATEGORIES
TAGS