KPE təhlükəsizlik qüvvələrinə “Alan-2” və “Barys 6×6” zirehli maşınları tədarük edir

KPE təhlükəsizlik qüvvələrinə “Alan-2” və “Barys 6×6” zirehli maşınları tədarük edir

“Kazakistan Paramount Engineering” (KPE) şirkəti Qazaxıstanın təhlükəsizlik qüvvələrinə “Alan-2” və “Barys 6×6” zirehli nəqliyyat vasitələri tədarük edir.

Bu barədə “Poliqon”a “Kazakistan Paramount Engineering” şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, KPE təhlükəsizlik qüvvələri ilə aralarında imzalanmış müqavilə əsasında birinci seriya “Alan 2” və “Barys 6×6” zirehli maşınlarının çatdırılmasını həyata keçirir.

“Alan-2” zirehli maşını KPE şirkətinin Konstruktor Bürosunun mühəndisləri tərəfindən dizayn edilib. “Tiqr” zirehli maşın sinifinə daxil olan “Alan-2”, parametrlərinə görə onu üstələyir və istifadəçiyə çətin missiyaları yerinə yetirə bilmək üçün həm yüksək performans, həm də daha çox faydalı yükgötürmə qabiliyyəti təmin edir.

4×4 təkər formuluna malik olan “Alan-2” çoxməqsədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. “Alan-2” hərbi, xüsusi əməliyyatlar, sülhməramlı missiyaları, hüquq-mühafizə və təhlükəsizlik, habelə sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. “Alan-2” avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir.

“Alan-2” 5.56×45, 7.62×39 və 12.7×99 mm-lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli döyüş maşını RQD-5, RQ-42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır. Bundan başqa döyüş maşını yanğın söndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub.

Minaya qarşı qorumalı (MRAP) texnologiyası əsasında hazırlanan “Barys 6×6” zirehli maşının 8×8 təkər formullu modeli də var. “Barys 6×6” minaya qarşı gücləndirilmiş mühafizəyə malikdir ki, bu da zirehli avtomobilə tank əleyhinə mina və dibinin altında baş verəcək 10 kiloqrama qədər TNT partlayışlarına tab gətirmək imkanı təmin edir.

10 nəfər personal və 5 ton yük daşıya bilən “Barys 6×6″nın çəkisi 17000 kiloqramdır. Zirehli nəqliyyat vasitəsi 450 at gücündəki turbodizel mühərriklə təchiz olunub ki, bu da ona maksimum 110 km/saat sürətlə hərəkət və 1000 kilometr məsafəni qət etmək bacarığı verir. “Barys 6×6” avtomatik transmissiya, müstəqil asqı və ABS əyləc sistemi ilə təmin edilib.

Poliqon.az

CATEGORIES
TAGS