“Leonardo” Bakıda aviasiya vasitələrini təqdim edəcək
İtaliyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan “Leonardo” 6-8 sentyabr tarixlərində Bakıda keçiriləcək 4-cü ADEX-2022 sərgisində öz həllərini nümayiş etdirəcək.
“Poliqon”un məlumatına görə, “Leonardo” şirkəti ADEX-2022 sərgisində müştərilərə kiber təhlükəsizlik və elektronika həlləri, hərbi helikopter, təlim, döyüş və nəqliyyat təyyarələri, habelə pilotsuz uçuş aparatları (PUA) sahəsində müxtəlif məhsullarını təqdim edəcək.
Təlim-döyüş təyyarələri
Təlim-döyüş təyyarələri sahəsində “Leonardo”nun həm təkbaşına, həm də digər şirkətlərlə birgə apardığı layihələr var. Şirkətin istehsal etdiyi M-345 və M-346 təlim təyyarələri bir sıra dövlətlərin hərbi aviasiya parkında yer alaraq arıtq qlobal bazarda özlərini sübut edib. Şirkətin yüngül döyüş təyyarəsi layihəsi əsasında M-346-nın “Fighter Attack” (FA) versiyası yaradılıb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin fevralında Azərbaycan ilə İtlaiya arasında M-346 yüngül təlim-döyüş təyyarələrinin alınması ilə bağlı sənəd imzalanıb.
Bundan başqa “Leonardo” döyüş təyyarələrinin istehsalı sahəsində “Avropanın Döyüş Təyyarəsi” adlandırılan 4-cü nəsil “Eurofighter” qırıcısının və ABŞ-ın 5-ci nəsil döyüş təyyarəsi olan F-35 “Lightning II” layihəsində birgə çalışır.
Nəqliyyat təyyarələri
“Leonardo” nəqliyyat təyyarələri sahəsində müştərilərə çox məqsədli hərbi nəqliyyat təyyarəsi olan C-27J “Spartan”ı təqdim edir. Nəqliyyat təyyarəsinin istehsalına başlanandan indiyə kimi müxtəlif versiyaları olsa da, şirkət hazırda müştərilərə sonuncu variant olan C-27J “Spartan Next Generation”u təklif edir.
Şirkət həmçinin, dəniz patrulu, axtarış və xilasetmə, tibbi təxliyə, pesonalın və müxtəlif ləvazimatların daşınması üçün ATR nəqliyyat təyyarəsinin ATR 42MP, ATR 72MP və ATR 42 ASW versiyalarını hazırlayıb.
Hərbi helikopterlər
“Leonardo” şirkətinin hərbi helikopterlər sahəsində əsas üstünlüyünü NH-90 istisna olmaqla AW seriyalı helikopterlərin istehsalı təşkil edir. Bunlara AW 119M, AW 109 “TrekkerM”, AW 169M, AW 159, AW 139M, AW 149, AW 101 və AW 249 aiddir. AW 249 digərlərindən fərqli olaraq zərbə helikopterləri sırasına daxildir və qlobal bazarda T-129 ATAK, Mi-35M, AH-64 APACHE, “Armed Black Hawk”, “Tiger”, “Bell AH-1Z” kimi helikopterlərin rəqibidir.
Pilotsuz uçuş aparatları (PUA)
Döyüş təyyarələində olduğu kimi pilotsuz uçuş aparatları (PUA) istehsalı sahəsində də “Leonardo”nun həm təkbaşına, həm də digər şirkətlərlə birgə apardığı layihələr var. CREX-B1, “Falco EVO” və “Falco Xplorer” PUA-ları “Leonardo” tərəfindən kəşfiyyaq məqsədli tapşırıqları yerinı yetirmək üçün hazırlanıb. “Leonardo” İtaliya, İspaniya, Fransa və Almaniyanın bilikdə hazırladığı orta yüksəklikdə və uzun mənzilli missiyaların icrası üçün dizayn edilən EURODRONE PUA layihəsinin tərəfdaşıdır.
Elşən Abdulkərimov