“Leonardo” yeni mobil radarını təqdim edib

“Leonardo” yeni mobil radarını təqdim edib

İtaliyanın “Leonardo” şirkəti Fransada keçirilən “Paris Air Show” aviasiya sərgisində yeni “Kronos” GMHP (Grand Mobile High Power) mobil radarını təqdim edib.

“Poliqon” “Leonardo”ya istinadən xəbər verir ki, “Kronos” GMHP mobil radarı, “Kronos” radar ailəsindən qazanılan təcrübə əsasında artan əməliyyat və bazar tələblərinə cavab vermək üçün hazırlanıb.

AESA (Active Electronically Scanned Array) texnologiyasına sahib C diapazonlu “Kronos” GMHP radarı əsasən, quru və sahil xətti boyunca hava müşahidəsinin aparılması, eləcə də hava hücumundan müdafiə işinin dəstəklənməsi üçün nəzərdə tutulub.

Onun əsas missiyası mürəkkəb elektron mühitlərdə belə hava hədəflərini və ballistik raketləri aşkarlamaq, onları izləməkdir. “Kronos” GMHP mobil radarı istifadəçiyə yüksək hərəkətlilik bacarığı, sürətli yerdəyişmə imkanı və 300 km-dən çox məsafədə hava nəzarət qabiliyyəti təmin edir.

İstehsalçı şirkətin açıqladığı məlumata görə, artıq “Kronos” GMHP radarı Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən Kritdə yerləşən NATO-nun raket sınaq poliqonu üçün əsas radar kimi seçilib. Bundan başqa, İtaliya da “Kronos” GMHP-ni “Eurosam” konsorsiumunun istehsal etdiyi SAMP-T zenit-raket kompleksinin (ZRK) müşahidə və nişanlanma radarı kimi seçib.

Poliqon.az

CATEGORIES
TAGS