
MEDİA regiondakı gərginliklə bağlı informasiya manipulyasiyasına yol verməməyə çağırıb
Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.
“Poliqon” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.
“Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.
Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”, – deyə açıqlamada vurğulanıb.



