“Milrem Robotics” Ukraynaya 150-dən çox THeMIS yerüstü döyüş robotu çatdıracaq

“Milrem Robotics” Ukraynaya 150-dən çox THeMIS yerüstü döyüş robotu çatdıracaq

“Milrem Robotics” Niderland tərəfindən maliyyələşdirilən və koordinasiya edilən ianənin bir hissəsi olaraq Ukraynaya 150 ədəddən çox THeMIS yerüstü döyüş robotu tədarük edəcək.

“Poliqon” “Milrem Robotics”ə istinadən xəbər verir ki, döyüş robotlarının əhəmiyyətli bir hissəsi “VDL Defentec” şirkəti ilə əməkdaşlıq çərçivəsində yığılacaq və çatdırılacaq.

Xatırladaq ki, ianə proqramı ilk dəfə sentyabr ayında elan edilsə də, həmin vaxt maliyyə dəstəyi verən ölkənin adı açıqlanmamışdı. Oktyabrın 6-da isə Niderlandın müdafiə naziri Ruben Brekelmans, “Milrem Robotics” və VDL şirkətlərinin rəhbərləri ilə birlikdə ölkənin Born şəhərində yerləşən VDL zavodunda müvafiq müqavilənin imzalama mərasimində iştirak edib və bu barədə rəsmi açıqlama verib.

Müqavilə çərçivəsində tədarüklər “Milrem Robotics Netherlands” tərəfindən “VDL Defentec” ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək. VDL şirkəti Born şəhərində bu məqsədlə xüsusi yığım xətti yaradacaq. Bu xətt gələcəkdə tələblərə uyğun olaraq daha çox istehsal və təchizat üçün genişləndirilə biləcək şəkildə qurulacaq.

Həmçinin “Milrem Robotics” şirkəti Ukrayna hərbçilərinə və texniki heyətinə THeMIS platformasından effektiv istifadə və texniki xidmət üçün geniş təlimlər də keçəcək.

Yeni platformalar 2022-ci ildən bəri döyüşdə effektivliyini sübut etmiş Ukraynanın mövcud 15 ədədlik THeMIS robot parkına qoşulacaq.

THeMIS, əsgərlərə dəstək vermək və döyüş sahəsində effektivliyi artırmaq üçün nəzərdə tutulmuş çoxməqsədli, qənaətcil və döyüşdə sınaqdan keçirilmiş yerüstü robotdur. Bu platforma artıq 19 ölkədə ya robototexnika proqramlarının bir hissəsi kimi, ya da birbaşa xidmətə qəbul olunub.

CATEGORIES