
Çad Çin istehsalı olan FK-2000 HHM sistemlərini təhvil alıb
Çad hərbi yardım çərçivəsində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) iki ədəd FK-2000 hava hücumundan müdafiə (HHM) sistemini təhvil aldığını təsdiqləyib.
“Poliqon” xarici KİV-lərə istinadən xəbər verir ki, BƏƏ, sözügedən HHM sistemlərini Çindən satın alaraq Çada göndərib.
Çinin “China Aerospace Science and Industry Corporation” şirkəti tərəfindən hazırlanmış qısa mənzilli zenit raket-top kompleksi (ZRTK) olan FK-2000 təyyarələr, helikopterlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla, müxtəlif hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
Tez-tez Rusiyanın “Pantsir-S” HHM sistemi ilə müqayisə edilən FK-2000, 8×8 təkər formullu şassi üzərində quraşdırılıb. ZRTK, “yer-hava” tipli 12 raket və iki avtomatik top ilə təchiz olunub. FK-2000-nin təsir məsafəsi 1.2 km-dən 25 km-dək, maksimum hündürlük əhatəsi isə 12 kilometrə qədərdir. O, müxtəlif hava şəraitlərində hədəfləri aşkar etməyə imkan verən radarla təmin olunub. Əlavə təchizat 64 raket və 6000 ədəd 30 mm-lik sursatı da əhatə edir.
Çad Müdafiə Nazirliyi rəsmi Pekinin icazəsi olmadan bu texnikanı heç bir tərəfə (başqa ölkə və ya qüvvə) ötürməyəcəyini bəyan edib. Bu isə onu göstərir ki, HHM sistemi Çin müdaxilə etməyincə Çad Silahlı Qüvvələri tərəfindən istifadə olunacaq.