
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti müdafiə sənayesində xaricdən asılılığı aradan qaldırmaq üçün 1,5 milyard ABŞ dolları dəyərində investisiya proqramı həyata keçirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, “Makine ve Kimya Endüstrisi” Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində strateji istehsal infrastrukturunu genişləndirməyə və milli müdafiə gücünü davamlı şəkildə artırmağa qətiyyətlə davam edir.
Bu çərçivədə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq və müdafiə sənayesində xaricdən asılılığı aradan qaldırmaq məqsədilə 2023-2027 dövrünü əhatə edən ümumilikdə 1.5 milyard ABŞ dolları dəyərində investisiya proqramı həyata keçirilib.
Bildirilib ki, mövcud müəssisələrə əlavə olaraq Kırıkkale, Kırşehir və Samsunda daha 3 yeni zavod istehsala başlayacaq. Həyata keçirilən bu investisiyalar nəticəsində enerji materiallarından sursat istehsalına, silah sistemlərindən raket texnologiyalarına, aviasiya bombalarından KBRN (kimyəvi, bioloji, radioaktiv və nüvə) qoruyucu avadanlıqlara qədər geniş sahədə Türkiyənin strateji istehsal imkanlarının əhəmiyyətli dərəcədə gücləndirilməsi hədəflənir. Bundan əlavə, yaradılan yeni tədqiqat-inkişaf (Tə-İn) mərkəzləri sayəsində MKE yalnız istehsal gücünü artırmaqla kifayətlənməyib, həm də yüksək texnologiyaların inkişafı istiqamətində strateji addımlar atır.
Kırıkkaledə təxminən 8 milyon m² ərazi üzərində inşası davam edən “MKE – Hüseyn Kâhya Enerji Materialları Fabriki”ndə nitroselüloz, barıt və raket yanacaqları başda olmaqla bir çox strateji partlayıcı material istehsal ediləcək. Həmçinin bəzi kimyəvi maddələr ilk dəfə burada istehsal olunacaq. Zavodun 2026-cı il ərzində fəaliyyətə başlaması və istehsala keçməsi planlaşdırılır.
Təxminən 1000 nəfərlik iş yeri yaradacaq bu fabrikin tamamlanması ilə mövcud raket yanacağı, barıt və partlayıcı istehsal gücləri təxminən 3 dəfə artacaq. Ən vacib məqam isə ölkənin ehtiyac duyduğu və hazırda xaricdən idxal edilən bəzi kritik kimyəvi maddələrin artıq Kırıkkaledə istehsal olunacağıdır. Beləliklə, Türkiyənin partlayıcı xammal sahəsində xaricdən asılılığı tamamilə aradan qaldırılacaq.
Kırşehir şəhərində yaradılan istehsal infrastrukturu ilə KBRN təhdidlərinə qarşı qoruyucu avadanlıqların yerli imkanlarla hazırlanması və kütləvi istehsalı mümkün olacaq. Samsunda qurulan yeni istehsal xətti ilə isə MK seriyalı aviasiya bombalarının istehsal gücü əhəmiyyətli dərəcədə artırılacaq.
MKE yalnız yeni zavod və fabriklərin tikintisi ilə deyil, mövcud müəssisələrdə yeni texnologiyaların tətbiqi və istehsal gücünün artırılması layihələri çərçivəsində də mühüm investisiyalar həyata keçirib. İndiyədək mövcud zavodlar daxilində 30-dan çox yeni istehsal xətti və 350-dən çox yeni istehsal dəzgahı quraşdırılıb.
Bu geniş investisiya proqramı ilə müdafiə sənayesinin kritik sahələrində istehsal gücündə nəzərəçarpacaq artımlar əldə olunacaq:
- 155 mm-lik artilleriya mərmilərinin istehsalında 5400%;
- Dünyada çox az ölkənin istehsal edə bildiyi 76 mm-lik DENİZHAN milli dəniz topunun istehsalında 500%;
- YARS raketləri və 2.75 düymlük raketlərin istehsalında 1900%;
- 60, 81 və 120 mm-lik minaatan mərmilərinin istehsalında 300%;
- Tank və artilleriya silah sistemlərinin (Altay tankı, Fırtına/Gürhan, Boran) istehsalında 100%;
- Snayper patronlarının istehsalında 455%;
- Yüngül kalibrli silahların istehsalında 50% artım.




