QuruXəbərlər

MKE 7.62 mm-lik qəlpəli antidron sursatının atış sınağını keçirib

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən artan pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı hazırlanmış 7.62 mm-lik qəlpəli antidron sursatının atış sınağı keçirilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, sınaq zamanı sursat vasitəsilə havadan gələn təhdidlər uğurla zərərsizləşdirilib.

Bildirilib ki, 7.62 mm-lik antidron sursatı müasir döyüş meydanında kəşfiyyat fəaliyyətlərindən kamikadze hücumlarına qədər müxtəlif tapşırıqlarda istifadə edilən mini və mikro PUA-lara qarşı effektiv həll təqdim edəcək. Döyüş meydanında qəfil yaranan dron təhdidləri qarşısında piyada bölmələri mövcud silahlarına antidron sursatı ilə doldurulmuş daraqları taxaraq qısa müddətdə hava hücumundan müdafiə (HHM) elementinə çevrilə və təhdid yaradan PUA-lara saniyələr ərzində cavab verə biləcək.

Hər hansı əlavə sistem və ya platforma dəyişikliyi tələb etməyən antidron sursatı 7.62×51 mm NATO və 7.62×39 mm kalibrlərində hazırlanıb. Sursat avtomatlardan pulemyotlara, nəqliyyat vasitələri üzərində quraşdırılan silah sistemlərindən uzaqdan idarəolunan silah qüllələrinə qədər geniş istifadə imkanlarına malikdir.

Qəlpəli antidron sursatı lülədən çıxdıqdan təxminən 5 metr sonra mexaniki şəkildə açılaraq daxilində yerləşən xüsusi hazırlanmış qəlpələri hədəf istiqamətində yayır. Bunun sayəsində kiçik ölçülü və yüksək manevr qabiliyyətinə malik dronları vurma ehtimalı əhəmiyyətli dərəcədə artır.

Orta hesabla 680 m/s başlanğıc sürətə malik olan sursat təxminən 50 metr məsafədə 1 metr, 100 metr məsafədə isə 2 metr diametrində sıx qəlpə buludu yaradır. Geniş təsir həcmi sayəsində, o, klassik sursatlarla müqayisədə dron hədəflərinə qarşı daha yüksək effektivlik təmin edir.

Mövcud silah sistemləri ilə tam uyğunluq təşkil edən quruluşu sayəsində istifadəçi üçün əlavə təlim və ya sistem xərci yaratmayan 7.62 mm-lik qəlpəli sursat baza bölgələri, kritik obyektlər, sərhəd xətləri və hərəkətli bölmələr üçün effektiv antidron həlli təqdim edir.

Qeyd olunub ki, MKE artan PUA təhdidlərinə qarşı 12.7 mm, 20 mm və 35 mm kalibrli antidron sursat həlləri də hazırlayaraq müxtəlif platforma və əməliyyat ehtiyaclarına uyğun çoxqatlı antidron sursat ailəsi formalaşdırır.

Back to top button