QuruXəbərlər

MKE ALPAY-D PUA vasitəsilə minalanmış ərazilərdə keçid açacaq

Türkiyə Silahlı Qüvvələrinin döyüş meydanındakı ehtiyaclarına uyğun silah və sistemlərin hazırlanmasını davam etdirən MKE şirkəti minalanmış ərazilərdə keçid açmaq üçün nəzərdə tutulan ALPAY sistemlər ailəsinə ilk hava versiyası olan ALPAY-D-ni əlavə edib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, piyada bölmələrinin minalanmış ərazilərdən təhlükəsiz keçidini təmin etmək üçün hazırlanan və pilotsuz uçuş aparatı (PUA) vasitəsilə fəaliyyət göstərən MKE ALPAY-D-nin səhra sınaqları uğurla tamamlanıb.

MKE mühəndisləri tərəfindən yerli imkanlar hesabına hazırlanan ALPAY-D piyada əleyhinə minalara qarşı istifadə olunacaq. Sistem daşıdığı partlayıcı qurğunu PUA vasitəsilə havadan minalanmış əraziyə çatdırır və həmin qurğunu məsafədən idarəetmə ilə işə salaraq piyada bölmələrinin keçidi üçün minalardan təmizlənmiş təhlükəsiz dəhliz yaradır.

İstifadə olunan PUA-nın daşıma qabiliyyətindən asılı olaraq ALPAY-D 25 və ya 50 metr uzunluğunda iki fərqli keçid aça bilir.

MKE ALPAY-D iki nəfər tərəfindən qısa müddətdə quraşdırılaraq istifadəyə hazır vəziyyətə gətirilir. Şəxsi heyət partlayıcı qurğunun əraziyə daşınmasından onun yerləşdirilməsinə və işə salınmasına qədər keçid açma əməliyyatının bütün mərhələlərini minalanmış sahəyə daxil olmadan məsafədən idarə edə bilir.

Dünyada ciddi təhlükəyə çevrilən minalanmış ərazilər üçün təhlükəsiz həll təklif edən ALPAY-D yüksək ixrac potensialı ilə də diqqət çəkir.

Back to top button