MüsahibəMüsahibəXəbərlər

MKE-dən Azərbaycan vurğusu: Birgə istehsal və üçüncü ölkələrə ixrac hədəfi – MÜSAHİBƏ

SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində MKE-də son illərdə həyata keçirilən transformasiya prosesi, yeni nəsil silah sistemləri, ixrac strategiyası və Azərbaycanla əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

SAHA 2026 sərgisi zamanı POLİQON Media Qrupunun suallarını cavablandıran MKE-nin maliyyə və marketinq üzrə baş direktor müavini Tolqa Çelik şirkətdə son illərdə həyata keçirilən transformasiya prosesindən, ENFAL-17, URAN, ATİLLA və ALPAY-2 kimi yeni sistemlərin hazırlanma məq­sədlərindən, beynəlxalq əməkdaşlıq və texnologiya transferi strategiyasından ətraflı bəhs edib.

Tolqa Çelik müsahibədə MKE-nin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, birgə istehsal, texnologiya transferi və üçüncü ölkələrə ixrac istiqamətində geniş əməkdaşlıq potensialının mövcud olduğunu bildirib.

POLİQON: Tolqa bəy, MKE son illər­də əhəmiyyətli transformasiya mərhələsindən keçib və hazırda dün­yanın aparıcı müdafiə sənayesi şirkətləri sırasında yer alır. Bu trans­formasiya şirkət üçün hansı yeni imkanları yaradıb və hazırda MKE inkişafın hansı mərhələsindədir?

20260506 172316Tolqa Çelik: Bildiyiniz kimi, MKE beş il əvvəl səhmdar cəmiyyətə çevrildi. Yəni əvvəllər dövlət qurumu kimi fəaliyyət göstərirdisə, indi dövlətə məxsus səhmdar cəmiyyət statusunda fəaliyyətini davam etdirir.

MKE hazırda hərtərəfli transfor­masiya prosesindən keçir. Şirkət bütün fəaliyyət istiqamətləri üzrə yenilənir və hazırda dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti sırasında yer alır.

Biz bu inkişafı davam etdirəcək və mövqeyimizi daha da yüksəldəcəyik. Bunun üçün çox böyük investisiyalar həyata keçiririk. Hazırda ümumi dəyə­ri 1,5 milyard ABŞ dolları olan investisiya proqramımız həyata keçirilir. Bu rəqəm MKE-nin indiyədək etdiyi investisiyaların təxminən iki qatından da çoxdur.

Türkiyədə hazırda 11 zavodumuz fəaliyyət göstərir və əlavə 3 yeni zavod inşa edirik. Onlardan biri xüsusilə böyükdür. Həmin müəssisədə bütün ener­getik materiallarımız istehsal oluna­caq və bunun sayəsində Türkiyənin bu sahədə xaricdən asılılığı tamamilə ara­dan qalxacaq.

İnanıram ki, yaxın illərdə daha yük­sək istehsal gücünə malik, daha geniş fəaliyyət sahələrini əhatə edən və dünyanın aparıcı müdafiə sənayesi şirkətləri sırasında daha yüksək mövqeyə yüksəlmiş MKE-ni görəcəksiniz.

POLİQON: MKE-nin bu sərgidə ilk dəfə nümayiş etdirdiyi ENFAL-17 raket sistemi, URAN silah sistemi, ATİLLA haubitsası, ALPAY-2 minalanmış ərazilərdə keçid açma sistemi kimi məhsulları gördük. Bu sistemlər hansı əməliyyat boşluqlarını doldurmaq məqsədilə hazırlanıb?

4 CopyTolqa Çelik: MKE artıq tədqiqat-inkişaf (Tə-İn) fəaliyyətlərinə böyük əhəmiyyət verən bir şirkətə çevrilib və son sərgilərimizdə bunun nəticələrini görməyə başlamışıq. Siz dörd məhsulun adını çəkdiniz, lakin MKE bu sərgidə ilk dəfə 50-dən çox yeni məhsul nümayiş etdirir. Bu o deməkdir ki, məhsul portfelimizdə mövcud olan 500-dən çox məhsula daha 50-dən artıq yeni məhsul əlavə olunur. Yəni yalnız məhsul sayı baxımından portfelimizi təxminən 10 faiz genişləndirmişik.

Lakin əsas məsələ məhsulların sayı deyil, onların məzmunudur. Əvvəl­lər əsasən silah və sursat sahəsində ixtisaslaşmışdıq. Bu sahədəki təcrübə­mizi qorumaqla yanaşı, artıq sistemlər və hətta “sistemlər sistemi” adlandırdığımız kompleks həllər hazırlayırıq. Bu da MKE-də çalışan mühəndislərin və texniki heyətin uğurlu fəaliyyətinin nəticəsidir.

ENFAL-17 hazırda dünyada ən böyük təhdidlərdən biri hesab olunan dronlara, xüsusilə də “Shahed” (“Şahid”) tipli kamikadze pilotsuz uçuş aparatlarına (PUA) qarşı hazırlanmış EBU (effektiv, sadə və ucuz) konsepsiyalı raket sistemidir. Bildiyiniz kimi, “Shahed” tipli PUA-lar nisbətən ucuz olsalar da, yaratdıqları təsir olduqca böyükdür. Əgər belə dronları onlardan qat-qat bahalı vasitələrlə məhv edirsinizsə, iqtisadi baxımdan uduzmuş olursunuz. Başqa sözlə, təhdidi yaradan vasitədən daha aşağı xərclə həmin təhdidi zərərsizləşdirmək mümkün olmalıdır.

ENFAL-17 də məhz bu məqsədlə hazırlanıb. Sistem elektro-optik və termal tuşlama dəsti ilə təchiz olunub. Bu tuşlama sistemi raketin havadakı hədəfə yaxınlaşmasını və onu havada məhv etməsini təmin edir. ENFAL-17 30 min fut yüksəklikdə uçan dronlara qarşı effektiv təsir imkanına malikdir. Buna görə də, onun dünyadakı əhəmiyyətli bir boşluğu doldurmasını hədəfləyirik.

ENFAL-17 müstəqil fəaliyyət gös­tə­rən sistem deyil. O, TOLGA yaxın mən­zilli hava hücumundan müdafiə sisteminin tərkibində istifadə olunan silah elementidir. TOLGA da EBU fəlsə­fəsinə uyğun hazırlanıb. EBU, MKE-nin baş direktorunun bütün şirkət üz­rə formalaşdırdığı əsas fəlsəfədir və “Effektiv, Sadə və Ucuz” prinsiplərinin qısaldılmış ifadəsidir.

POLİQON: Tolqa bəy, URAN siste­mi müasir döyüş meydanında hansı üstünlükləri təmin edir?

2 Copy 1Tolqa Çelik: Bildiyiniz kimi, bi­zim 105 mm-lik BORAN artilleriya sistemimiz mövcuddur. BORAN yedəkdə daşınan artilleriya sistemidir. Sistem avtomobil vasitəsilə yedəyə alınaraq daşına, həmçinin yüngül konstruksiyası sayəsində helikopterlə nəql oluna bilir.

URAN sistemi də BORAN-ın 105 mm-lik silah sistemindən istifadə edir. Lakin burada həmin sistem bir avtomobil platformasına inteqrasiya olunub. Bu inteqrasiya bir sıra mühüm üstünlüklər yaradır. Ən vacibi odur ki, “vur və qaç” taktikasını tətbiq etmək mümkündür. Yəni müəyyən nöqtədən atəş açdıqdan sonra sistem qısa müddətdə mövqeyini dəyişərək başqa nöqtədən yenidən atəş aça bilir. Beləliklə, düşmənin siste­min mövqeyini müəyyən etməsi xeyli çətinləşir. Bu, sistemin ən böyük üstünlüklərindən biridir.

Digər tərəfdən, BORAN sistemində olduğu kimi, URAN da 18 kilometrədək effektiv atəş məsafəsinə malikdir. Uzun­mənzilli sursatlardan həm URAN, həm də BORAN sistemində istifadə etmək mümkündür.

POLİQON: ATİLLA özüyeriyən hau­bitsasının NATO ölkələrindəki analoqları ilə müqayisədə üstün cəhətləri hansılardır?

SAM 8603 scaled e1784536347840

Tolqa Çelik: ATİLLA sistemi döyüş dəstində onlarla müxtəlif tip sursat daşıya bilir. Bundan əlavə, həmin sur­satların istifadəsi üçün tələb olunan barıt və digər modulları da öz üzərində daşıyır. Üzərindəki atəşi idarəetmə sistemi sayəsində yüksək dəqiqliklə atəş açmaq imkanına malikdir. ATİLLA daha uzaq məsafələrə zərbə endirə bildiyindən daha geniş atəş zonasına nəzarət edə bilir.

Sistemin əsas üstünlüklərindən biri də yüngül olmasıdır. Platformanın yün­gül çəkisi onun təyyarə ilə daşınmasını və çətin relyef şəraitində daha rahat hərəkət etməsini təmin edir.

Bundan başqa, sistem qısa müddətdə döyüş vəziyyətinə gətirilə, atəş açdıqdan dərhal sonra mövqeyini tərk edə bilir ki, bu da döyüş meydanında onun sağqalma imkanlarını əhəmiyyətli dərəcədə artırır.

POLİQON: ALPAY-2 minalanmış ərazilərdə əməliyyatların təhlükə­sizliyinə necə təsir göstərir?

Tolqa Çelik: ALPAY-2 sistemi əvvəllər hazırladığımız TAMKAR və TAMGEÇ sistemlərinin davamı kimi yaradılıb. Lakin aparılan Tə-İn fəaliyyətləri nəticəsində bu sistem insansız istifadə oluna bilən platformaya inteqrasiya edilib. Yəni, şəxsi heyəti minalanmış əraziyə göndərmədən ALPAY-2-ni həmin əraziyə yönləndirə bilərsiniz. Sistem əvvəlcə nəqliyyat vasitələrinin hərəkəti üçün 10 metr enində və 100 metr uzunluğunda keçid açır. Daha sonra irəliləyərək əlavə 100 metrlik keçid yaradır.

Beləliklə, minaları zərərsizləş­dirə­rək ümumilikdə iki dəfə daha uzun təh­lükəsiz keçid açır və bütün bunları insan müdaxiləsi olmadan həyata keçirir.

POLİQON: Tolqa bəy, ümumilikdə SAHA 2026 sərgisində iştirakınızı necə qiymətləndirirsiniz? Bu tədbiri MKE üçün daha çox texnologiya vitrini, yoxsa yeni ixrac müqavilələrinin bağlanması baxımından strateji im­kan kimi görürsünüz?

20260506 172826 e1784536418624Tolqa Çelik: SAHA 2026 indiyədək Türkiyədə keçirilən sərgilər arasında ən geniş beynəlxalq nümayəndə heyətinin iştirak etdiyi tədbirdir. Sərgidə 500-ə yaxın nümayəndə heyəti, 60-a yaxın nazir və nazir müavini iştirak edib.

Sərgi çərçivəsində çoxsaylı nüma­yəndə heyətləri ilə görüşmək imkanı əldə etdik və çoxlu müqavilələr imzaladıq. İmzalanan müqavilələrin ümumi dəyəri 1 milyard ABŞ dollarını ötüb.

Belə bir sərgidə iştirakı yalnız məh­sulların nümayiş etdirildiyi vitrin kimi qiymətləndirmək düzgün olmaz. Biz burada həm gələcək satışlarımız üçün mühüm təməl yaratdıq, həm də əvvəlki fəaliyyətlərimizin bəhrəsini gördük və onların nəticəsi olan müqavilələri imzaladıq.

POLİQON: MKE-nin beynəlxalq əmək­daşlıq və texnologiya transferi layihələri getdikcə genişlənir. Bu çərçivədə birgə istehsal modelləri sizin üçün nə dərəcədə prioritetdir?

SAM 8600 scaled

Tolqa Çelik: Qeyd etdiyim kimi, MKE transformasiya prosesindən keçir. Artıq MKE xarici ölkələrə texnologiya ixrac edən şirkətə çevrilib. Hazırda 8 ölkədə 11 zavod inşa edirik. Onlardan bəziləri artıq fəaliyyətə başlayıb, digərlərinin tikintisi isə davam edir.

Texnologiya transferi bizim üçün dost və müttəfiq ölkələrə dəstək ver­mək deməkdir. Əslində bu, Türkiyə Respublikasının həmin ölkələrə göstər­diyi dəstəyin bir hissəsidir. Çünki biz onları tək qoymuruq. Onlar üçün həm zavodlar tikir, həm personalı hazırlayır, həm də xammal təminatını təşkil edirik. Əgər onlar xammalı özləri əldə edə bilmirlərsə, bu məsələdə də dəstək göstəririk. Bundan əlavə, istehsal etdik­ləri məhsullar daxili tələbatdan artıq olarsa, onların üçüncü ölkələrə ixracına da dəstək veririk.

Bu səbəbdən texnologiya transferini strateji istiqamət hesab edirik və bu sahədə fəaliyyətimizi davam etdirə­cəyik. Hazırda Avropa, Amerika, Asi­ya və Afrikada yeni əməkdaşlıq imkan­larını araşdırırıq. Hansı sahələrdə bir­gə fəaliyyət qura biləcəyimizi qiymət­ləndiririk. MKE-ni daha geniş beynəlxalq fəaliyyətə malik şirkətə çevirmək isti­qamətində işlərimizi davam etdiririk.

POLİQON: Azərbaycanın müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində MKE-nin planları nədən ibarətdir? Texnologiya transferi, birgə istehsal müəssisələri və ya birbaşa məhsul ixracı kimi modellərdən hansıları ön plana çıxır?

HHtfRKhW8AAQ9iQTolqa Çelik: Azərbaycan bizim üçün Türkiyədən fərqli bir ölkə deyil. Xaricdə fəaliyyət göstərən yeganə şirkətimiz Azərbaycandadır və onun adı “Makine Kimya Azerbaycan”dır (MKA). MKA öz fəaliyyətini davam etdirir.

Biz Azərbaycana texnologiya trans­feri həyata keçirmişik və hazırda isteh­sal xəttimiz orada istifadə olunur. La­kin hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız hələ istədiyimiz səviy­yədə deyil.

Biz yalnız Azərbaycan və ya Tür­kiyənin ehtiyacları üçün məhsul hazır­lamağı düşünmürük. Məqsədimiz Azər­baycanla əməkdaşlıq edərək həm region ölkələrinin tələbatını ödəmək, həm də birgə istehsal olunan məhsulları üçüncü ölkələrə ixrac etməkdir.

POLİQON: MKE-nin Azərbaycana yönəlmiş layihələrində hansı məhsul qrupları ön plana çıxır?

Tolqa Çelik: Əgər Azərbaycanın ehtiyac duyduğu məhsullar MKE-nin fəaliyyət istiqamətlərinə daxildirsə, MKE olaraq onların hamısını təmin etməyə hazırıq. “Biz Azərbaycana məhz bu məhsulu təklif edirik” demək düzgün olmaz. Azərbaycandan hansı məhsulumuza tələb olarsa, həmin məhsulu təqdim etməyə hazırıq.

POLİQON: SAHA 2026 sərgisində təqdim etdiyiniz yeni sistemlərin gələcək modernləşdirilməsi və rə­qəm­sallaşdırılması, o cümlədən sü­ni intellekt və avtomatik atəşi idarə­etmə sistemləri istiqamətində nə cür bir yol xəritəsi planlaşdırırsız?

3 9Tolqa Çelik: SAHA 2026 sərgisində nümayiş etdirdiyimiz TOLGA yaxın mənzilli hava hücumundan müdafiə sis­temində artıq süni intellekt element­lərimiz və maşın öyrənməsi proq­ram təminatlarımız mövcuddur. Belə­lik­lə, süni intellekt və maşın öyrənməsi texnologiyalarını artıq bütün sistem­lərimizə inteqrasiya edirik. Qabaqcıl alqoritmlərdən istifadə etməklə sistem­lərimizi daha effektiv, daha sadə və daha ucuz etməyi hədəfləyirik.

Nəticə etibarilə istəyirik ki, MKE deyildikdə insanların ağlına ilk növbədə EBU prinsipi gəlsin. Yəni, məhsullarımız effektiv, sadə və ucuzdur. Biz məhz bu yanaşma ilə qlobal müdafiə bazarında mövqeyimizi daha da gücləndirməyi hədəfləyirik.

POLİQON: Dəyərli vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz hər hansı fikir varmı?

Tolqa Çelik: Bizi ziyarət etdiyi­niz üçün sizə təşəkkür edirəm. Azər­bay­can həqiqətən də bizim üçün Türkiyədən fərqli bir ölkə deyil. Azər­baycanla əməkdaşlığımızı daha da genişləndirmək və Azərbaycanla birlik­də üçüncü ölkələrə məhsul ixrac etmək əsas hədəflərimizdən biridir. Ümid edirik ki, bu məqsədlərə nail olacaq və Azərbaycanla birgə istehsal edəcəyimiz məhsulları üçüncü ölkələrə də ixrac edəcəyik.

20260506 172404

Zaur Babaşov

Müsahibə “Poliqon” jurnalının son buraxılışında yayımlanıb.

Back to top button