
MKE ilk dəfə SIPRI-nın ən böyük 100 müdafiə şirkəti siyahısına daxil olub
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən olan “Makine ve Kimya Endüstrisi” (MKE), tarixində ilk dəfə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hazırladığı dünyanın ən böyük 100 müdafiə şirkəti siyahısına daxil olub.
MKE-dən “Poliqon”a verilən məlumata görə, əvvəlki il siyahıda 102-ci yerdə olan şirkət, bu il hazırlanan siyahıda 9 pillə irəliləyərək 93-cü sırada yer alıb.
SIPRI tərəfindən hazırlanan hesabatda MKE-nin silah və hərbi xidmət satış gəlirləri 2024-cü ildə 1.21 milyard dollar olaraq qeyd edilib və bu uğur sayəsində şirkət ilk dəfə “dünyanın ən böyük 100 müdafiə sənayesi şirkəti” siyahısına adını yazdırıb.
Bir neçə ay əvvəl dərc edilmiş “Defense News Top 100” siyahısından sonra SIPRI siyahısında da ilk 100-ə daxil olan MKE, uğurunu qlobal arenada bir daha təsdiq edib.
Müasir döyüş sahəsinin tələbləri nəzərə alınaraq, başda Türkiyə Silahlı Qüvvələri olmaqla beynəlxalq iş ortaqlarına səmərəli və yerli məhsullar təqdim edən MKE, qabaqcıl mühəndislik imkanları, böyük təcrübəsi və yüksək texnologiyaya əsaslanan məhsul portfeli ilə qlobal müdafiə sənayesi səhnəsində Türkiyənin yüksəlişinə mühüm töhfələr verməyə davam edir.
MKE kimi qabaqcıl qurumları ilə milli və müstəqil müdafiə sənayesi hədəfinə doğru qətiyyətlə irəliləyən Türkiyə, hər il qlobal müdafiə bazarında söz sahibi ölkələr arasında yerini daha da möhkəmləndirir.


