MKE-nin “Denizhan-76” dəniz topu Rumıniya Silahlı Qüvvələrinin inventarına daxil olub

MKE-nin “Denizhan-76” dəniz topu Rumıniya Silahlı Qüvvələrinin inventarına daxil olub

Türkiyə müdafiə sənayesi döyüş sahəsinin ehtiyaclarını nəzərə alaraq inkişaf etdirdiyi yeni sistem və məhsullarla mühüm uğurlara imza atmağa davam edir.

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkətindən “Poliqon”a verilən məlumata görə, imzalanmış müqavilə çərçivəsində “TCG Akhisar” gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) ixracı ilə birlikdə, gəmidə yerləşdirilmiş “Denizhan-76” milli dəniz topu da bu ölkənin Silahlı Qüvvələrinin inventarına daxil olub.

Dəniz topu sahəsində Türkiyəyə tətbiq olunan örtülü embarqolara qarşı 2020-ci ildə hərəkətə keçən MKE, dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi 76 mm-lik milli dəniz topu “Denizhan-76”nın istehsalını cəmi 12 ay kimi rekord bir müddətdə tamamlayıb. Sınaqların uğurla başa çatmasının ardından milli dəniz topunun Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına çatıdırılmasına başlanıb.

Bundan əvvəl 5 ədəd dəniz topu Türkiyə HDQ-yə təhvil verilib və hazırda seriya istehsalı davam edən “Denizhan-76”, bu il İndoneziya ilə imzalanan müqavilə çərçivəsində ilk ixrac uğuruna nail olub.

76 mm-lik milli dəniz topu Rumıniyaya ixrac edilən “TCG Akhisar” gəmisində 2024-cü ilin aprel ayında quraşdırılıb. MKE-nin tamamilə yerli imkanlarla hazırladığı “Denizhan-76”, bu satışla birlikdə ilk dəfə həm NATO, həm də Avropa İttifaqı üzvü olan bir ölkə tərəfindən istifadə ediləcək.

Yaxın və orta mənzilli hədəflərə qarşı təsirli atəş gücü təqdim edən “Denizhan-76”, hava hücumundan müdafiə, səth hədəflərinə qarşı döyüş və sahil bombardmanı kimi tapşırıqları uğurla icra edə bilir. Dəqiqədə 80 atıma çata bilən yüksək atış sürətinə malik sistem, təxminən 16 kilometr məsafəyədək effektiv atəş imkanı təqdim edir.

Aşağı radar izinə sahib dizaynı və çoxşaxəli tapşırıq qabiliyyətləri ilə diqqət çəkən “Denizhan-76”, “Mavi Vətən”də yalnız Türkiyə Hərbi Dəniz Qüvvələrinin deyil, həm də dost və müttəfiq ölkələrə həyata keçirilən ixraclarla ölkənin milli müdafiə sənayesinin güclənməsinə töhfə verir.

“Denizhan 76” mm-lik milli dəniz topunda əldə etdiyi təcrübə ilə hədəfini daha da irəli daşıyan MKE mühəndisləri, 127 mm-lik milli dəniz topunu yerli və milli imkanlarla istehsal etmək üçün işlərini sürətlə davam etdirir.

Bu çərçivədə, 127 mm-lik dəniz topunun ilk mərhələsi olaraq silah sisteminin lüləsi MKE tərəfindən milli şəkildə istehsal edilib, noyabr ayında isə “TCG Fatih” freqatında yerləşən silah sisteminə inteqrasiya edilərək qəbul sınaq atışlarını uğurla tamamlayıb.

CATEGORIES
TAGS