
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin MALAMAN ağıllı dib minası dənizdəki təhdidləri görünmədən zərərsizləşdirəcək.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət tərəfindən yerli və milli imkanlarla hazırlanaraq istehsal edilən Türkiyənin ilk ağıllı dib minası MALAMAN, döyüş və təlim olmaqla iki əsas versiyada layihələndirilib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən MALAMAN üzərindəki akustik, maqnit və təzyiq sensorları vasitəsilə hədəflərini uzaq məsafə və dərinliklərdə aşkar edə bilir. Minanın gəmi, sualtı qayıq və təyyarələrdən (pilotsuz platformalar daxil olmaqla) dənizə buraxılması mümkündür.
Dəniz dibinin quruluşuna uyğun şəkildə hazırlanan MALAMAN həddindən artıq isinmə və güllə zərbələrindən təsirlənmədən təhlükəsiz şəkildə vəzifəsini yerinə yetirə bilir. Minanın ümumi çəkisi təxminən 600 kiloqramdır ki, bunun da 400 kiloqramını həssaslığı azaldılmış sualtı partlayıcı maddə təşkil edir.
MALAMAN suyun altında meydana gələn akustik, maqnit və təzyiq dəyişikliklərini real vaxt rejimində aşkarlamaq, analiz etmək və qiymətləndirmək qabiliyyətinə malikdir. Yüksək texnologiyalı sensorlarla təchiz edilmiş sistem bu xüsusiyyəti sayəsində freqatları, sualtı qayıqları, hücum katerlərini və tankerləri müəyyən edərək məlumatı dərhal idarəetmə mərkəzinə ötürür.
Sensorlardan gələn siqnalları emal edən atəşləmə sistemi müxtəlif parametrlərlə tənzimlənə bilir və aşkar edilən düşmən hədəfini partlayıcını işə salaraq effektiv şəkildə məhv edir. Nəzarətsiz partlayışların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə minanın üzərində çoxsaylı kilidləmə mexanizmləri mövcuddur.
MALAMAN xüsusi korpus quruluşu sayəsində mina axtarış sonarlarının onu dəniz dibində aşkar etməsini çətinləşdirir. Akustik əksetdirməni minimuma endirmək və vizual gizliliyi artırmaq məqsədilə hazırlanmış üç fərqli xüsusi kompozit örtük bu üstünlüyü daha da gücləndirir. Dəniz dibinin təbii quruluşuna uyğun forma və rənglərdə dizayn edilmiş bu örtüklər MALAMAN-ın yan skanlı sonarlar və avtonom sualtı vasitələr tərəfindən aşkarlanma ehtimalını da ən aşağı səviyyəyə endirir.






