RegionXəbərlər

MKE Samsunda MK seriyalı aviasiya bombaları istehsal edəcək

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən Samsunda həyata keçirilən yeni istehsal müəssisəsi investisiya layihəsi ilə yerində tanış olub.

MKE-dən “Poliqon”a verilən məlumata görə, ziyarət çərçivəsində görülən işlər barədə məlumat alan Cevdet Yılmaz zavodun yenidən qurulması prosesini və planlaşdırılan istehsal fəaliyyətlərini qiymətləndirib.

Bildirilib ki, MKE Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində strateji istehsal infrastrukturunu genişləndirməyə və milli müdafiə potensialını dayanıqlı şəkildə artırmağa davam edir. Bu çərçivədə Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının yerli və milli imkanlarla qarşılanması, həmçinin müdafiə sənayesində xarici asılılığın azaldılması məqsədilə 2023-2027-ci illəri əhatə edən ümumilikdə 1,5 milyard ABŞ dolları dəyərində investisiya proqramı həyata keçirilir.

Həmin proqramın mühüm layihələrindən biri olan Samsundakı müəssisə istifadəsiz vəziyyətdə olan köhnə şəkər zavodunun tamamilə yenilənərək strateji istehsal kompleksinə çevrilməsini nəzərdə tutur. Təxminən 10 milyon ABŞ dolları həcmində investisiya qoyulan müəssisədə MK seriyalı aviasiya bombalarının istehsalı həyata keçiriləcək.

Zavodun fəaliyyətə başlaması ilə MKE-nin, xüsusilə MK seriyalı aviasiya bombalarının istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Yeni müəssisə Türkiyə Silahlı Qüvvələrinin tələbatının daha sürətli və səmərəli şəkildə qarşılanmasına töhfə verməklə yanaşı, MKE-nin sursat istehsalı sahəsində strateji imkanlarını da gücləndirəcək.

Müəssisənin 2026-cı ilin ikinci yarısında istismara verilməsi nəzərdə tutulur. Zavodun MKE-nin son illərdə həyata keçirdiyi genişmiqyaslı investisiya proqramının mühüm hissələrindən biri olması və Türkiyənin müdafiə sənayesinin istehsal potensialına əhəmiyyətli töhfə verməsi gözlənilir.

Back to top button