
Türkiyənin müdafiə sənayesində strateji istehsal potensialını artırmağa yönəlmiş 1,5 milyard ABŞ dollarını aşan investisiya proqramı çərçivəsində MKE şirkəti 155 mm-lik artilleriya mərmilərinin istehsal gücünü 54 dəfə artırır.
MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkətin investisiya proqramının əsas istiqamətlərindən birini təşkil edən 155 mm-lik top mərmiləri müasir döyüş meydanında artilleriya bölmələrinin atəş gücünü təmin edən əsas vasitələrdəndir.
Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda dünyada sursata tələbatın artması bu sahədə istehsal gücünün əhəmiyyətini daha da yüksəldir.
MKE tərəfindən istehsal olunan FIRTINA, PANTER, GÜRHAN və ATTİLA özüyeriyən və yedəyə alınan haubitsaları başda olmaqla, müxtəlif artilleriya sistemlərində istifadə edilən 155 mm-lik mərmilər uzaqmənzilli atəş dəstəyini təmin edir. İstehsal gücünün artırılması ilə Türkiyə Silahlı Qüvvələrinin sursat tələbatının ödənilməsinə və ölkənin strateji təchizat təhlükəsizliyinin gücləndirilməsinə töhfə verilməsi hədəflənir.
MKE-nin 155 mm-lik mərmi məhsul ailəsinə 7 müxtəlif model daxildir. Müxtəlif mənzil və istifadə xüsusiyyətlərinə malik bu mərmilər əməliyyat tapşırıqlarından şəxsi heyətin atəş hazırlığına qədər geniş sahədə tətbiq olunur.
Kırıkkale, Kırşehir və Samsun başda olmaqla, müxtəlif istehsal mərkəzlərində həyata keçirilən investisiya proqramının bu il ərzində başa çatdırılması gözlənilir. MKE bu yatırımlarla sursat istehsalı infrastrukturunu gücləndirərək yerli istehsal və milli texnoloji imkanlarını daha da inkişaf etdirməyi hədəfləyir.







