MKE TOLGA yaxın HHM sistemi daha bir ixrac uğuru əldə edib

MKE TOLGA yaxın HHM sistemi daha bir ixrac uğuru əldə edib

MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemi son bir ay ərzində Qətər və Misirdən sonra üçüncü ixrac uğurunu Səudiyyə Ərəbistanı ilə əldə edib.

“Poliqon”a “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətindən bildirilib ki, MKE, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Al Talbiah” şirkəti ilə MKE TOLGA yaxın HHM sistemi və 122 mm-lik yaylım atəşli reaktiv sistem (YARS) sursatının birgə istehsalına dair Anlaşma Memorandumu imzalayıb.

Memorandumu “World Defense Show 2026” (WDS-2026) çərçivəsində “Al Talbiah”ın baş direktoru və MKE-nin baş direktoru İlhami Keleş imzalayıb. Bu razılaşma ilə MKE-nin hava müdafiəsi və raket sistemlərindəki mühəndislik bacarığı region səviyyəsində yeni strateji tərəfdaşlıqla daha da güclənib.

Daha əvvəl Qətər və Misirə ixrac edilən MKE TOLGA, beynəlxalq bazarda böyük maraq görməyə davam edir. Son dövrdə artan tələblər nəzərə alınaraq dost və müttəfiq ölkələrlə əlaqələr sürətlə davam edir və Səudiyyə Ərəbistanı ilə imzalanan bu anlaşma sistemin qlobal mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, texnologiya paylaşımı və yerli istehsal infrastrukturunun inkişafı baxımından da strateji bir mərhələ rolunu oynayır.

MKE, sursat istehsalında əsrlik korporativ təcrübəsini qabaqcıl istehsal texnologiyaları və keyfiyyət standartları ilə birlikdə Səudiyyə Ərəbistanına daşıyacaq. Razılaşma çərçivəsində 122 mm-lik YARS sursatının birgə istehsalına dair texniki və sənaye proseslərinin inkişaf etdirilməsi məqsəd qoyulub. Bu razılaşma MKE-nin regional müdafiə sənayesi ekosistemində təsirini artıran və beynəlxalq tərəfdaşlıqlarını davamlı və dayanıqlı strukturlara çevirən mühüm bir addım xarakteri daşıyır.

CATEGORIES
TAGS