
MKE TOLGA yaxın HHM sistemi Qətərdə ilk ixrac uğuruna imza atıb
“Makine ve Kimya Endüstrisi” şirkətinin hazırladığı MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemi Qətər Ordusuna tədarük ediləcək.
“Poliqon” xəbər verir ki, Dohada keçirilən DIMDEX-2026 sərgisində tərəflər arasında müvafiq sənədin imzalanması ilə MKE TOLGA ilk ixrac uğuruna imza atmış olub.
MKE tərəfindən “effektiv-sadə-ucuz” yanaşması ilə hazırlanmış MKE TOLGA yaxın HHM sistemi ilk təqdim olunduğu gündən etibarən böyük diqqət cəlb edib və uğuru ilə milli və beynəlxalq arenada geniş əks-səda doğurub.
Şirkət mühəndislərinin müasir döyüş meydanında artan mini/mikro PUA və taktiki dron təhdidlərinə, eləcə də ağıllı sursat və qanadlı raketlərə qarşı yerli imkanlarla inkişaf etdirdiyi MKE TOLGA, ilk ixrac uğurunu Qətərə edilən satışla qazanmış olub. Satışın tamamlanması ilə sistem Türkiyənin strateji tərəfdaşı olan Qətər Ordusunun silahlanmasına daxil ediləcək.
Tərkibində olan radar, jammer (elektron basdırma) və silah sistemləri sayəsində MKE TOLGA, neft emalı zavodları, hava limanları, hərbi bazalar/obyektlər və limanlar kimi kritik infrastrukturların mühafizəsini təmin edəcək. Eyni zamanda, Quru Qoşunlarının qorunması, hərəkətdə olan konvoyların mühafizəsi və dəniz platformalarının müdafiəsində də mühüm rol oynayacaq. Sistem tərkibində yer alan müxtəlif xüsusiyyətlərə malik silahların sursatları da MKE mühəndisləri tərəfindən xüsusi olaraq hazırlanıb. Partlayış vaxtı və məsafəsi optimallaşdırıla bilən antidron sursatı, sahib olduğu qəlpəli quruluşu sayəsində hədəf ətrafında metal bulud yaradaraq təhdid yaradan dronları uğurla məhv edir.


