
Türkiyənin MKE şirkəti tərəfindən hazırlanmış TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminin atış sınağı keçirilib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, 24 ölkədən hərbi attaşelər, mülki və rəsmi nümayəndələrdən ibarət 64 nəfərlik beynəlxalq heyət keçirilmiş sınağı yerindən izləyib.
Türkiyə Milli Müdafiə Nazirliyinin Atış, Test və Qiymətləndirmə Qrup Komandanlığında baş tutmuş sınaq zamanı MKE TOLGA kamikadze dronlar, sürü dron hücumları və sabit qanadlı pilotsuz uçuş aparatlarını (PUA) əhatə edən ümumilikdə 7 fərqli ssenari üzrə təhdidləri 100 faiz müvəffəqiyyətlə zərərsizləşdirib.
Bu atış fəaliyyəti MKE TOLGA sisteminin çoxqatlı hava müdafiə imkanlarını beynəlxalq iştirakçılara praktiki şəkildə nümayiş etdirib.
MKE tərəfindən hazırlanmış TOLGA yaxın HHM sistemi sabit qanadlı kamikadze PUA-lar, dronlar, qanadlı raketlər və digər asimmetrik hava təhdidlərinə qarşı inteqrasiya edilmiş quruluşu ilə diqqət çəkir.
“Effektiv – Sadə – Ucuz” yanaşması ilə hazırlanmış TOLGA modul arxitekturası sayəsində müxtəlif təhdid səviyyələrinə qarşı çoxqatlı qorunma təmin edir və müasir HHM ehtiyacları üçün kompleks həll təqdim edir.
MKE tərəfindən hazırlanmış TOLGA sistemi 12.7 mm və 20 mm çaplı silah sistemləri, müxtəlif kalibrlərdə hazırlanmış antidron sursatları, GÖKBÖRÜ AESA radarı, akustik aşkarlama sistemi, elektro-optik sensorlar, radioelektron maneə sistemi və inkişaf etmiş komanda-idarəetmə infrastrukturunu özündə birləşdirir.
TOLGA müdafiənin ilk qatında radar, elektro-optik sensorlar və radioelektron maneə sistemi vasitəsilə təhdid yaradan dronları aşkarlayır və 10 kilometrə qədər “soft-kill” müdaxiləsi həyata keçirir. Elektron qarışdırmanın kifayət etmədiyi hallarda isə TOLGA-nın “hard-kill” müdafiə qatı işə düşür.
MKE-nin istehsal etdiyi 12.7 mm, 20 mm və 35 mm-lik silah sistemləri, eləcə də xüsusi hazırlanmış qəlpəli antidron sursatları təhdid elementlərini fiziki olaraq məhv edir. Partlama vaxtı və məsafəsi optimallaşdırıla bilən bu sursatlar hədəf ətrafında qəlpələrdən metal buludu yaradaraq yüksək vurma ehtimalı təmin edir.
Sistem 35 mm-lik qəlpəli antidron sursatı ilə 3000 metrə qədər, 20 mm-lik qəlpəli antidron sursatı ilə 1000 metrə qədər və 12.7 mm-lik qəlpəli antidron sursatı ilə 300 metrə qədər effektiv məhvetmə imkanı təqdim edir.
MAP DUAL platforması üzərinə inteqrasiya edilən iki ədəd PMT-76 pulemyotu da qəlpəli antidron sursatları ilə hava təhdidlərinə qarşı effektiv müdaxilə qabiliyyəti qazanıb.
Şirkətin hazırladığı 7.62 mm qəlpəli antidron sursatı isə əsgələrin mövcud avtomatlardan istifadə etməklə əlavə platformaya ehtiyac olmadan yaxın məsafədəki dron təhdidlərinə qarşı effektiv mübarizə aparmasına imkan verir.
TOLGA-ya inteqrasiya ediləcək lazer silah sistemi və ENFAL-17 raketi ilə sistemin çoxqatlı müdafiə qabiliyyəti daha da inkişaf etdiriləcək.
MKE TOLGA mobil və sabit şəkildə istifadə oluna bilən komanda-idarəetmə bloku vasitəsilə sistemdəki bütün elementləri vahid mərkəzdən idarə edir. Sistem uzaqdan idarəoluna bilir və mexaniki, yarı avtonom və tam avtonom iş rejimləri ilə müxtəlif əməliyyat ehtiyaclarına sürətli uyğunlaşma təmin edir.










