MKE və “Barzan Holding” birgə müəssisə yaradacaq – VİDEO

MKE və “Barzan Holding” birgə müəssisə yaradacaq – VİDEO

DIMDEX-2026 sərgisi çərçivəsində Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) və Qətərin “Barzan Holding” şirkətləri arasında birgə müəssisənin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, ötən ilin fevral ayında Dohada MKE ilə “Barzan Holding” arasında müdafiə və investisiya fəaliyyətlərini əhatə edən genişmiqyaslı əməkdaşlıq protokolu imzalanmışdı.

Sözügedən protokoldan sonra həyata keçirilən əməkdaşlıq sahələrinin institusional, dayanıqlı və uzunmüddətli bir struktura salınması məqsədilə şirkətlər arasında müdafiə sənayesi sahəsindəki ortaq layihələrin birgə müəssisə modeli ilə reallaşdırılması üçün razılıq əldə olunub.

Bu istiqamətdə MKE və “Barzan Holding” Dohada keçirilən DIMDEX-2026 sərgisində birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumuna imza atıb.

Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybetin, Müdafiə Sənayesi komitəsinin sədri Haluk Görgünün və Qətər Baş nazirinin müavini, Müdafiə məsələlərinə cavabdeh Dövlət naziri Şeyx Saud bin Abdurrahman bin Hasan bin Ali Al Saninin iştirakı ilə keçirilən mərasimdə MKE-nin baş direktoru İlhami Keleş və “Barzan Holding”in baş icraçı direktoru Mohammed Al Sadah iki ölkənin müdafiə sənayesi əməkdaşlığını daha yüksək səviyyəyə daşıyacaq sazişi imzalayıblar.

Memorandumda aşağıdakı maddələr yer alır:

  • MKE ilə “Barzan Holding” arasında Qətərdə birgə müəssisənin yaradılması;
  • Qurulacaq tərəfdaşlıq vasitəsilə Qətərə partlayıcı maddə istehsalı qabiliyyətinin qazandırılması;
  • MKE-nin yüksək texnologiyalı məhsullarından biri olan MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sisteminin Qətərə satışının həyata keçirilməsi.

MKE tərəfindən “effektiv-sadə-ucuz” yanaşması ilə hazırlanmış MKE TOLGA yaxın HHM sistemi ilk təqdim olunduğu gündən etibarən böyük diqqət cəlb edib və uğuru ilə milli və beynəlxalq arenada geniş əks-səda doğurub.

Şirkət mühəndislərinin müasir döyüş meydanında artan mini/mikro PUA və taktiki dron təhdidlərinə, eləcə də ağıllı sursat və qanadlı raketlərə qarşı yerli imkanlarla inkişaf etdirdiyi MKE TOLGA, ilk ixrac uğurunu Qətərə edilən satışla qazanmış olub. Satışın tamamlanması ilə sistem Türkiyənin strateji tərəfdaşı olan Qətər Ordusunun silahlanmasına daxil ediləcək.

Tərkibində olan radar, jammer (elektron basdırma) və silah sistemləri sayəsində MKE TOLGA, neft emalı zavodları, hava limanları, hərbi bazalar/obyektlər və limanlar kimi kritik infrastrukturların mühafizəsini təmin edəcək. Eyni zamanda, Quru Qoşunlarının qorunması, hərəkətdə olan konvoyların mühafizəsi və dəniz platformalarının müdafiəsində də mühüm rol oynayacaq. Sistem tərkibində yer alan müxtəlif xüsusiyyətlərə malik silahların sursatları da MKE mühəndisləri tərəfindən xüsusi olaraq hazırlanıb. Partlayış vaxtı və məsafəsi optimallaşdırıla bilən antidron sursatı, sahib olduğu qəlpəli quruluşu sayəsində hədəf ətrafında metal bulud yaradaraq təhdid yaradan dronları uğurla məhv edir.

 

CATEGORIES
TAGS