Modernləşdirilən ZMA-ların bu il sifarişçiyə çatdırılması başlayacaq

Modernləşdirilən ZMA-ların bu il sifarişçiyə çatdırılması başlayacaq

Türkiyənin Quru Qoşunlarının ehtiyaclarını qarşılamaq məqsədi ilə həyata keçirilən Zirehli Döyüş Maşını Modernizasiya layihəsi çərçivəsində modernləşdirilən ilk zirehli döyüş maşını (ZMA) 2022-ci ilin ikinci yarısında sifarişçiyə təhvil veriləcək.

“Poliqon”un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında bildirib.

SSB başqanı modernizasiya çərçivəsində Quru Qoşunların inventarındakı ZMA zirehli döyüş maşınlarının müasir silah sistemləri və yüksək texnologiyalı xidmət avadanlıqları ilə təchiz edildiyini deyib. Onun sözlərinə görə, modernləşdirilən ZMA-ların döyüşlərdə sağ qalma qabiliyyəti, situasiya məlumatlılığı və döyüş meydanında təsirli zərbə gücü səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır.

İsmail Dəmir bildirib ki, hazırda modernləşdirilmiş ZMA zirehli döyüş maşına inteqrasiya edilən uzaqdan idarə olunan “Nəfər” qüllə sisteminin sınaqları uğurla davam edir: “Modernləşdirilmiş ZMA-lar sistem kalifikasiya testlərini tamamladıqdan sonra, bu ilin ikinci yarısından etibarən təhvil verməyə başlayacağıq”.

Qeyd edək ki, 2019-cu il dekabrın 31-də ASELSAN ilə SSB arasında ZMA zirehli döyüş maşınlarının modernləşdirmə sazişi imzalanıb. Sonrakı müddətdə ASELSAN əsas podratçı firma FNSS ilə subpodrat sazişi imzalayıb. İlk mərəhələdə 133 ədəd ZMA-nın modernləşdirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində modernləşdirilən ZMA maşınları ASELSAN şirkətinin istehsalı olan 25 mm çaplı topla silahlandırılmış “Nəfər” qülləsi, lazer xəbərdarlıq sistemi, yaxın məsafəli müşahidə kompleksi, sürücü bölməsi üçün müasir görmə cihazları, istiqamət müəyyən etmə və naviqasiya sistemləri ilə təchiz olunur.

Bundan başqa, ANS-420K taktik səviyyə təyinetmə sistemi sayəsində ZMA döyüş maşınları insansız idarə ediləcək. İlkin nümunə olaraq bir neçə maşına komanda-kontrol insansız idarəetmə avadanlığı və “Pulat” aktiv müdafiə sistemi inteqrasiya ediləcək.

Layihə çərçivəsində FNSS tərəfindən ZMA platformalarında texniki xidmət və təmir işləri aparılır, iqlimləndirmə sistemi, istilik sistemi, yanğınsöndürmə və partlayış önləmə sistemi inteqrasiya olunur, zireh və minadan qorunma səviyyələri artırılır.

Xatırladaq ki, 2021-ci ilin mayında modernləşdirilmiş ZMA maşının sürüş və atış sınaqları uğurla tamamlanıb.

Poliqon.az

CATEGORIES
TAGS