Moskvadakı paradda 190 yerüstü texnika və 76 aviasiya vasitəsi istirak edəcək
Faşizm üzərində Qələbənin 76-cı il dönümü ilə əlaqədar cari ilin 9 may tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək hərbi parad zamanı ümumilikdə 190 ədəd yerüstü silah və texnika nümunəsi, 76 ədəd aviasiya vasitəsi və 12 000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Artıq 5 aprel tarixində Moskva yaxınlığındakı “Alabino” poliqonunda ilk məşq keçirilib, daha 11 məşqin keçirilməsi planlaşdırılıb.
Parad zamanı keçəcək texnikalar sırasında T-72B3M, T-80BVM, T-90M “Prorıv” və T-14 “Armata” tanklarını, BMP-3, “Berejok” döyüş modullu BMP-2 və BMP “Kurqanets-25” piyadanın döyüş maşınlarını, təkərli platformalı “Bumeranq” zirehli transportyorlarını, “Tayfun-K” zirehli avtomobillər ailəsinin beş üzvünü, 9K720 “İsgəndər” ƏTRK-ni, 9K515 “Tornado-S” YARS-ni, 152 mm-lik 2S19M-2 “Msta-SM2” özüyeriyən artilleriya qurğularını, 152 mm-lik 2S35 “Koalisiya-SV” növlərarası artilleriya komplekslərini, RS-24 “Yars” mobil raket komplekslərini görmək mümkün olacaq.
Aviasiya vasitələrinin nümayiş uçuşlarında MiQ-29, MiQ-31K, Su-24M, Su-25, Su-30SM, Su-34, Su-35S, Su-57, Tu-160, Tu-95MS, İl-76 və İl-78 təyyarələri, Mi-8, Mi-26, Mi-28N “Noçnoy oxotnik” və Ka-52 “Alliqator” helikopterləri iştirak edəcəklər.
Ümumilikdə Qələbə Paradı Rusiyanın 27 şəhərində keçiriləcək, 47 000 nəfərdən artıq şəxsi heyət, 1600 ədəd silah və texnika nümunəsi, 200-dən artıq aviasiya vasitəsi iştirak edəcəkdir.
Əhəd Əzizov