Motorola MTP 850S əl radiostansiyaları Azərbaycanda

Azərbaycan bazarına Motorola şirkətinin istehsalı olan yeni MTP 850S radiostansiyalarını çıxarılıb. Bu barədə “Azeri Defence” jurnalında dərc olunmuş xəbərdə bildirilib.

Motorolanın Azərbaycandakı dilleri Telecom İnvest şirkəti tərəfindən təqdim edilən MTP 850S radiostansiyaları Tetra xüsusi rabitəsini dəstəkləyir. Güc strukturları və hərbi qurumlar üçün nəzərdə tutulmuş rabitə vasitəsi hazırda Azərbaycanda istifadədə olan MTP 850 radiostansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Qrup və birbaşa radiostansiya ilə əlaqə saxlamaqdan başqa, SMS, GPS funksiyalarının da mövcud olduğu bu rabitə vasitəsi istifadəçilərə şəhər və mobil telefonlara çıxış imkanları verir.

MTP 850 radiostansiyalarından fərqli olaraq MTP 850S-in batareyasının istifadə müddəti 2 dəfə artırılaraq 23 saata çatdırılıb. Özündə bütün lazımı xüsusiyyətləri birləşdirən MTP 850S istifadəçinin təhlükəsizliyini təmin etmək üçün Man Down datçikə və möhkəmliyi artırmaq üçün yeni yan bağlayıcıya, 1.8 Watt gücündə Class 3L batareyasına malikdir. Antenanın gücləndirilməsi MTP 850S radiostansiyalarının bütün şəraitlərdə istifadəsinə imkan verir. Rabitə vasitəsində qurulmuş Man Down sistemi istifadəçi təhlükədə olarsa bu barədə həyəcan siqnalı və yerləşmə koordinatlarını göndərir.

MTP 850S rabitə vasitəsi təhlükəsiz və etibarlı əlaqə yaradılması üçün məlumatların və rəqəmsal sistemin müdafiəsini yüksək səviyyədə təmin edir. Bunun üçün radiostansiya radio interfeys kodlaşdırması və fasiləsiz kodlaşdırma sisteminə malikdir. MTP 850S həmçinin 130×130 pikselli displeyə malikdir. 65000 rəng və çalarları göstərə bilən bu displey vasitəsi ilə WAP brauzerdə yüksək formatlı şəkillərə belə baxmaq mümkündür.

Qeyd edək ki, Telekom İnvest şirkəti Azərbaycanda mülki qurumlara lokal ərazilərdə istifadə üçün MOTOTRBO texnologiyaya malik SL4000 radiostansiyalarını təqdim edir. Həmçinin Motorola tipli rabitə vasitələrinə texniki xidmətləri göstərir.

CATEGORIES