
MSN-in yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Noyabrın 19-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunda (ETİ) Nazirliyin yaradılmasının 20 illik yubileyi və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Sənayesi Nazirliyinin Məbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə iştirakçılar “Azərbaycanın Müdafiə Sənayesi – 20 il: Keçmişdən bu günə” adlı sərgi ilə tanış olublar. Ardınca müdafiə sənayesinin inkişafına həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib.
Akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Çıxışlar zamanı Azərbaycan xalqının tarixi mübarizəsi və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində əldə edilmiş müstəqilliyin möhkəm təməlləri, eləcə də möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi və gücləndirilməsi, Azərbaycanın iqtisadi və siyasi sahələrdə sürətli inkişaf edərək müasir, dünyəvi bir dövlətə çevrilməsindən bəhs edilib.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.



