MSN İordaniyada SOFEX sərgisində iştirak edəcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) 30 mart-2 aprel 2020-ci il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində SOFEX-2020 XIII Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Seminarında iştirak edəcək.
“AzeriDefence”nin məlumatına görə, sərgidə ikinci dəfə iştirak edəcək MSN-nin geniş stendlə təmsil olunacağı gözlənilir.
Qeyd edək ki, MSN ilk dəfə 2010-cu ilin may ayında SOFEX sərgisinə qatılıb. Həmin sərgidə Azərbaycan müəssisələrində istehsal edilmiş 57 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib.
SOFEX sərgisi 1996-cı ildən başlayaraq iki ildə bir dəfə olmaqla, Amman şəhərində, İordaniya HHQ-nin aviabazasında təşkil olunur. Sərgi İordaniya Kralı II Abdullah bin Hüseynin hamiliyi ilə keçirilir.
SOFEX-2010 sərgisində həmçinin MSN tərəfindən İordaniya Kralına hədiyyə edilmiş İST-14.5 “İstiqlal” snayper tüfənginin bir nümunəsi də İordaniya Kral Xüsusi Əməliyyat Qüvvələrinin stendində nümayiş etdirilib.





