
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovla görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdən öncə nazir müavini universitetin 3 saylı tədris binasının infrastrukturu, auditoriyaları və müasir laboratoriyaları ilə tanış olub.
Müzakirələr zamanı UNEC-in tədris imkanları, Müdafiə Sənayesi Nazirliyi ilə ali təhsil müəssisələri arasında tərəfdaşlığın strateji əhəmiyyəti, yüksəkixtisaslı insan kapitalının hazırlanmasının vacibliyi, universitet-sənaye əlaqələri, həmçinin tərəflər arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə MSN-in ali təhsil müəssisələri ilə həyata keçirdiyi layihələr, eləcə də UNEC-də rəqəmsal iqtisadiyyat və mühəndislik istiqamətləri üzrə kadr hazırlığı, ikili diplom proqramları, startap layihələri barədə təqdimatlar keçirilib.
Sonda mühəndis hazırlığı, elmi tədqiqatlar, innovasiya və tələbə startapları istiqamətində MSN-in təşəbbüsləri yüksək qiymətləndirilib və UNEC-in bu təşəbbüslərə qoşulması barədə razılıq əldə olunub.











