
Müasir müharibələrdə informasiya
Azərbaycan Silahlı Qüvvələrinin (və digər silahlı birləşmələrin) əsas vəzifəsi respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlərdə iştirak etməkdən ibarətdir. Azərbayvcan Ordusu ərazi bütövlüyümüzün bərpa olunması uğrunda müqəddəs müharibəyə başlayıb və heç bir qüvvə onu bu yoldan saxlaya bilməyəcək. Amma unutmaq olmaz ki, qələbə yalnız müzəffər Azərbaycan əsgərinin mətin hücumları ilə qazanılmır. Qələbə xalqın birliyindən bəhrələnən bir çox amildən asılıdır. E.ə. V əsrdə yaşamış məşhur Çin strateqi Sun-Tzu deyirdi: “Savaş sənəti bir dövlət və millət üçün həyatidir. Ölüm və dirim arasında qalmaqdır. Ona görə də mütləq yaxşı bilinməli və yaxşı gerçəkləşdirilməlidir. Heç bir səbəb onun yaxşı hazırlanmamasına, yaxşı gerçəkləşdirilməməsinə bəhanə və bəraət ola bilməz”.
Beynəlxalq səviyyədə öz mövqelərini getdikcə itirən, daxili çəkişmələr nəticəsində getdikcə dərinləşən siyasi böhran fonunda özünü daha dərindən büruzə verən ümidsizlik mühitində yaşayan Ermənistanın populist şüarlarla silahlanmış, idarəçilik səriştəsi olmayan hərbi-siyasi rəhbərliyi, qeyd olunan şəraitdən vətəndaşlarının fikrini yayındırmaq üçün son aylar ərzində cəbhə bölgəsində ardıcıl təxribatlara yol verir, dinc əhalini, yaşayış məntəqələrini atəşə tutur, hətta qadağan olunmuş kimyəvi başlıqlı artilleriya mərmilərindən istifadə edir. Baş verən düşmən təxribatlarına qarşı Azərbaycan Ordusunun layiqli cavabı bizi ruhlandırmaqla bərabər, daim ayıq-sayıq olmağımızı, xüsusilə də hadisələrin sürətli inkişafı zamanı yayılan informasiyalara çevik reaksiya verməyimizi tələb edir. Bu baxımdan müasir dövrdəki hərbi qarşıdurmaların tərkib hissəsi kimi informasiya təsirinin əhəmiyyəti, onun mahiyyəti və strukturu, informasiya təhlükəsizliyinin əsas vəzifələri, psixoloji əməliyyatların rolu və növləri, şəxsi heyətin müdafiəsi üsulları haqqında hər bir zabit hazırlıqlı olmalı, zərurət yarandığı anda proseslərə müdaxilə etməyi bacarmalıdır.

Səfxan Bayramov
Ona görə də qoşunlara psixoloji təsirin mahiyyətini və xüsusiyyətlərini izah etmək, şəxsi heyətə müxtəlif növ sosial informasiya ilə işləmək vərdişlərinin aşılanması, düşmən tərəfindən mənfi təsirli psixoloji məlumatların yayılması ilə mübarizə üçün lazımi keyfiyyətlərin tərbiyə edilməsi, döyüş və xidməti fəaliyyət şəraitindəki çətinliklərin və məhrumiyyətlərin öhdəsindən layiqincə gəlmək naminə psixoloji hazırlığının formalaşdırılması zabit heyətinin bu sahədə tam hazırlıqlı olmasını tələb edir.
Dünyada getdikcə qloballaşan və dərinləşən beynəlxalq münasibətlərin kəskinləşməsi, böhran və münaqişələrin dərinləşməsi, yeni-yeni müharibə ocaqlarının yaranması, mövcud vəziyyətdə hər bir dövlətin öz informasiya məkanına nəzarəti daha da gücləndirməli olduğunu, informasiya resurslarının xüsusilə ciddi mühafizəsi uğrunda mübarizədə sayıqlığını itirməməyi dövlətin başlıca vəzifələrindən biri kimi qəbul edilir. Dövlətlər əsas məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etmək uğrunda gizli və açıq şəkildə intensiv mübarizədə və yarışmadadırlar. Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan əldə edilən bilik öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq, gələcəkdə onun istənilən sahədə hücumlarını dəf etmək, eyni zamanda, öz maddi-mənəvi dəyərlərini qorumaq üçün bir vasitədir. Odur ki, informasiya xammal ehtiyatı, enerji daşıyıcıları, faydalı qazıntılar və s. kimi milli strateji resurs olmaqla, dövlətçiliyin əvəzedilməz və əsas sərvətlərindən biri hesab olunmalıdır.
Texnologiyaların inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Bu səbəbdən, son zamanlar iqtisadiyyatda, siyasətdə və hərbi sahədə “informasiya əməliyyatı” və “informasiya müharibəsi” terminləri geniş istifadə edilməkdədir. Dünyada informasiya müharibəsi texnologiyalarının inkişafı və dövlətlər arasında baş verən hərbi və siyasi qarşıdurmalar belə deməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində əsas üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.
Dünya siyasi arenasında baş vermiş dəyişikliklər, Azərbaycanın müstəqil dövlət kimi proqressiv fəaliyyətinə, digər maraqlı dövlətlərdən asılı olmadan yüksələn xətlə inkişafına qarşı yaradılan süni problemlər, o cümlədən ərazi bütövlüyünün pozulması respublikamızın beynəlxalq və daxili siyasətinə bir çox digər dövlətə nisbətən daha artıq dərəcədə təsir göstərmiş, milli təhlükəsizlik problemlərinə yanaşmada köklü surətdə dəyişikliklərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi zərurətini yaratmışdır.
Təhlükəsizlik – şəxsiyyətin, cəmiyyətin, dövlətin varlığının və proqressiv inkişafının etibarlı təminatı üçün labüd olan mühitin mövcudluğu deməkdir.
Müharibələrin, münaqişələrin tarixinə nəzər salsaq görərik ki, hələ qədim dünyada informasiyanın özlüyündə çox güclü bir silah olması qənaətinə gələrək, fiziki müharibə aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi İM-in aparılması zəruriliyini anlamağa başlayıblar.
Eramızdan əvvəl, dördüncü əsrdə Çində düşmənə qarşı informasiya təsirinin həyata keçirilməsi hərb sənətinin mühüm hissəsi sayılırdı. Qələbə qazanmaq üçün mübarizə aparan tərəflər, öz qoşunlarının sayının artıq olması, guya düşünülmüş, qeyri-adi taktiki manevr edəcəkləri, qüvvələrinin və vasitələrinin üstünlüyü, yeni naməlum silahlara malik olmaları, əsirlərə qarşı loyal münasibət göstərmələri ilə bağlı əks tərəfə müraciətlər ünvanlayır, şayiələr yayırdılar. Həmçinin özlərinin hərbi qüdrətinin daha artıq olduğunu nümayiş etdirən manevrlər edir, qoşunlarının yenilməzliyi və s. haqqında rəy formalaşdırırdılar.
Çingiz xanın hərbi yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əsgərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaranmasına nail olurdular. Bu cür psixoloji təsir üsullarından Makedoniyalı İsgəndər, Teymurləng və başqa məşhur sərkərdələr də istifadə etmişlər.
II Dünya müharibəsi zamanı Hitler və Stalin informasiya-psixoloji təsirin əhəmiyyətini dərindən anlamış, hətta bir çox taleyüklü əməliyyatın keçirilməsi zamanı qazanılan uğurları da məhz bu təsirin sayəsində qazanmışlar.
Göründüyü kimi, tarixi baxımdan da informasiya təsiri düşmən əsgərlərinin və mülki əhalinin iradəsinə, şüuruna, hisslərinə informasiya təzyiqi göstərməklə, onların baxışlarını, münasibətlərini, davranışını dəyişmək, düşmənin mənəviyyatını pozmaq və beləliklə də öz məqsədinə nail olmaq üçün bütün potensialını səfərbər etmək üçün psixoloji şərait yaratmaq vəzifəsini yerinə yetirmişdir.
Ekspertlərin fikrincə, informasiya tədricən təminedici vasitə funksiyasından çıxaraq müasir döyüşün mühüm növünə çevrilir. İnformasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə düşmən üzərində üstünlük əldə edilməsi üçün ən müasir texnologiyalar istifadə edilməkdədir.
Lakin informasiya texnologiyalarının sürətli təkmilləşdirilməsi və praktiki tətbiqi özünün şübhəsiz üstünlükləri ilə bərabər, sözün əsl mənasında, insanların həyat fəaliyyətinin bütün sahələrinə müdaxilə etməklə, ümummilli səviyyədə bir sıra strateji problemlərin yaranmasına da səbəb olmuşdur.
Bu problemlərin ən mühümü şəxsiyyətin, cəmiyyətin, dövlətin və dövlətçilik institutlarının informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədəki proseslərin analizi informasiya müharibəsində uduzmağın zərərinin fiziki müharibədəki məğlubiyyətdən geri qalmadığını göstərir. Milli-mənəvi dəyərlərin informasiya təhlükəsizliyinin təminatının etibarlı surətdə həyata keçirilməməsi cəmiyyətdə ictimai institutların tənəzzülünə, dövlət institutlarının iflasına səbəb olmaqla, istənilən etibarlı hesab edilən bir cəmiyyətin inkişaf perspektivlərini şübhə altına alır.
Dövlətin ümumi informasiya təhlükəsizliyi sistemində qoşunların informasiya təhlükəsizliyinin həll edilməsi mühüm əhəmiyyət daşıyır. Bu sahədəki digər mühüm istiqamətlərlə bərabər, şəxsi heyətin mənəvi-psixoloji sayıqlığının zəifləməsinə yönəlmiş psixoloji əməliyyat xarakterli proseslərin qarşısının alınması əsas fəaliyyət istiqaməti sayılmalıdır.
Buna görə də beynəlxalq təcrübədən yararlanmaqla informasiya təhlükəsizliyinin mahiyyəti və strukturu haqqında bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir.
İnformasiya təhlükəsizliyi (en. Information Security, ru. Информационная безопасность) – informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəli olmasıdır.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi dedikdə vətəndaşın, cəmiyyətin və dövlətin həyati vacib maraqlarının qorunduğu informasiya mühiti vəziyyəti dərk edilir. Öz növbəsində, cəmiyyətin informasiya mühiti – informasiya resurslarının formalaşması, yayılması, istifadə edilməsi sisteminin və ümumilikdə, informasiya infrastrukturunun məcmusudur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 26 sentyabr 2012-ci il tarixli Fərmanı mühüm əhəmiyyət daşıyır. Həmin fərman ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Bunun üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, uyğun hökumət strukturlarına fərmandan irəli gələn vəzifələrin icrası həvalə edilmişdir. Faktiki olaraq, qeyd olunan sənədi Azərbaycan Respublikasının İnformasiya təhlükəsizliyi doktrinası kimi qiymətləndirmək lazımdır.
Silahlı qüvvələrin geniş informasiyalaşma şəraitində fəaliyyəti, qoşunların şəxsi heyətinin çoxsaylı müxtəlif mənbələrdən geniş informasiya alma imkanları ənənəvi hərbi işin inkişafında artıq keyfiyyət baxımından fərqli şəraitin yaranmasını səbəb olmuşdur.
Müasir elmi-texniki inqilab informasiya mübarizəsində əsl çevriliş yaratmış, köklü dəyişikliklərin yaranmasına gətirib çıxarmış, psixoloji əməliyyatlar daha fəal və qlobal xarakter almış, radioelektron mübarizə daha da inkişaf etmiş, yeni informasiya texnologiyalarının tətbiqi sürətlənmiş, onun nəticələri daha nəzərəçarpan olmuşdur.
İnformasiya müharibəsi informasiya üstünlüyünün əldə edilməsi məqsədilə, özünün informasiyaya əsaslanan proseslərinin, şəxsi informasiya sistemlərinin və kompyuter şəbəkələrinin informasiya təhlükəsizliyini təmin etmək şərtilə, düşmənin informasiyaya əsaslanan proseslərə, informasiya sistemləri və kompyuter şəbəkələrinə təsir etməkdir.
İnformasiya müharibəsinin iki istiqamətini fərqləndirmək lazımdır: texniki – məlumat istiqamətli və psixoloji – məlumat istiqamətli.
İnformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə telekommunikasiya vasitələrinə, kompyuter şəbəkələrinə qarşı radioelektron mübarizə, həmçinin, radioelektron kəşfiyyat, haker müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi, ilk növbədə, hərbi əlaqələndirmə və idarəetmə sistemləri, paralel olaraq düşmən dövlətin maliyyə-iqtisadi fəaliyyətli, dövlət orqanlarının rəsmi səhifələri və s. hədəfə alına bilər.
İnformasiya-psixoloji təsir – siyasi elita və əhalinin psixoloji durumuna, davranışına, cəmiyyətin informasiya-psixoloji mühitinin inkişafına, funksionallığına birbaşa təsir göstərən xüsusi informasiyanın məqsədəuyğun istehsalı və yayılmasıdır. Təbliğat “beyinlərin yuyulması” və psixoloji təsir informasiya-psixoloji təsirin növləridir. İnformasiya-psixoloji təsirin effektliyi, ilk növbədə, məqsəd və hədəflərin düzgün təyinindən, ona müvafiq səmərəli üsulun seçilməsindən asılıdır. İnformasiya-psixoloji müharibə zamanı birinci yerdə ictimai fikrin formalaşdırılması prosesi dayanır.
İnformasiya müharibəsi zamanı psixoloji təsir vasitələrindən istifadə bir tərəfdən mövcud informasiya sistemini dağıtmağa, digər tərəfdən isə onu başqa informasiya-kommunikasiya sistemi ilə əvəz etməyə imkan verir. Bununla da cəmiyyətin maraqları qarşı tərəfin maraqlarına tabe etdirilir. Bir çox insan hələ də müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən gələn, əsasən də siyasi məqsədlərə xidmət edən gizli informasiya-psixoloji təhlükələri tam anlamır, onlara laqeyd yanaşır.
20-ci əsrin ikinci yarısından bu günə qədər baş verən konfliktlərin araşdırılması göstərir ki, münaqişələrin həllində silahlı qüvvənin və informasiya-psixoloji təsirin tətbiqinə meyllər artmışdır. İnsana elə gəlir ki, o, istədiyi şey haqqında düşünür və düşündüyü kimi də hərəkət edir. Əslində isə onun həyatı daima qəbul edilən daxili və xarici informasiyanın təsiri altındadır. Məhz bu mənada yeni və daha müasir silah növündən – informasiyadan söhbət gedir. Hər şeydən əvvəl digər sosial subyektlər tərəfindən əvvəldən planlaşdırılmış fəaliyyətin insan tərəfindən özünə lazım olan fəaliyyət kimi həyata keçirməsinə səbəb olan xüsusi məlumatlar seçilməlidir. Adətən belə vəziyyətdə insan bilavasitə real situasiyadan deyil, ictimai mühitin təsiri və şəxsi təcrübəsinə əsaslanan, şüuraltı ona təlqin olunmuş amillərin təsiri ilə hərəkət edir. Bu “sistemi” dərindən bilməklə insanların növbəti hərəkətlərini proqnozlaşdırmaq və beləliklə də arzuolunan davranışın meydana gəlməsinə nail olmaq mümkündür. İnsanın “arzuolunan” davranışının reallaşması üçün yaradılan proqram dərhal, birbaşa, məqsədini aydın ifadə edməklə deyil, tədricən və sistemli olaraq, müəyyən vaxtda və müəyyən yerdə onun psixologiyasına, ilk növbədə emosional və zəifləmiş psixoloji vəziyyətində tətbiq olunur.
İctimai informasiya mühitinə həm xarici, həm də daxili təhlükə yaradan amillərin mövcudluğunu nəzərə almaq lazımdır. Xarici təhlükələrə bəzi dövlətlərin dünya informasiya mühitində üstünlüyü ələ almaq, sərhədyanı dövlətlərin informasiya mühitinə daxilolma cəhdlərini və öz dini, ideoloji məqsədlərini yaymasını, Azərbaycan dilinin, ənənələrinin, milli-mənəvi sərvətlərinin əleyhinə yönəlmiş işlərin aparılmasını hesab etmək olar. Daxili informasiya təhlükəsizliyinə isə vətəndaş cəmiyyətində və hüquqi dövlətdə yaşamanın tarixi, siyasi və ictimai ənənələrinin yeni yaranmasını, vətəndaşların informasiya mühitində qarşılaşdığı çətinlikləri, cəmiyyətdə mövcud olan mənəvi-əxlaqi dəyərlərə qarşı cəhdləri və s. aid etmək olar.
İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas vəzifələrinə aşağıdakıları aid etmək məqsədəuyğundur:
- İnformasiya sahəsində cəmiyyətin və dövlətin həyati vacib maraqlarının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, informasiya təhlükəsizliyinə təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi.
- İnformasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərinin hazırlanması, bu siyasətin və mexanizmlərin həyata keçirilməsi üçün kompleks tədbirlərin işlənməsi.
- Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.
- İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində, dövlət hakimiyyəti orqanlarının, mülkiyyət formalarından asılı olmayaraq, müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi.
- Bu təhlükələrin nəticələrinin aradan qaldırılması və informasiya təhlükəsizliyinə təhdidlərin neytrallaşdırılması və qarşısının alınmasının forma, metod və vasitələrinin təkmilləşdirilməsi, bu təzahürlərin nəticələrinin aradan qaldırılması.
- Qlobal informasiya şəbəkələrinin yaradılması və istifadəsi proseslərində fəal iştirak üçün şəraitin təmin edilməsi.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq, informasiya təhlükəsizliyinin hüquqi təminatı bazasının formalaşması, müxtəlif səviyyələrdə onun həyata keçirilməsi mexanizmlərinin yaradılması üzrə dövlət hakimiyyəti orqanlarında və təşkilatlarında işlər davam etməkdədir.
Son illərin təcrübəsi göstərir ki, mənfi informasiya-psixoloji təsirə qarşı ən həssas sahə mənəvi və dini mühitdir. Ölkənin sosial-siyasi və iqtisadi həyatında baş verən hadisələr barədə əhalinin məlumatlandırılması və ictimai rəyin formalaşdırılması sistemi əhalinin müxtəlif qruplarının, regionların ictimai şüur və siyasi oriyentasiyasına görə ciddi təhlükələrə məruz qalır. Ona görə də bu sahədə təhdidlərin neytrallaşdırılması və qarşısının alınması bizim çoxmillətli ölkənin mədəni və tarixi ənənələri nəzərə alınmaqla həllini tələb edir.
Yalnız bu halda onların təhlükəlilik dərəcəsini müəyyən etmək, xidməti-döyüş vəzifələrinin həlli üçün ən əlverişli şəraitin yaradılması, komandanlığın, qərargahların, tərbiyəvi iş üzrə qurumların şəxsi heyətin müdafiəsi üçün fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək, konkret region üçün real təhlükələri qiymətləndirmək mümkündür.
İndi isə informasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri, həmçinin, şəxsi heyətin bu sahədə mühafizəsi üçün zəruri olan hallara nəzər salaq.
İnsanların davranış və düşüncə tərzinə təsir üsulları daha da mükəmməlləşmiş, elə buna görə də onun təsiri daha da artmışdır. Amma məqsəd dəyişməyib – öz məqsədlərinə çatmaq üçün müxtəlif üsullar və vasitələrlə informasiya müharibəsinin obyekti olan müəyyən insan qruplarının fikir, hiss və münasibətlərinin, son nəticədə isə davranışlarının dəyişilməsinə nail olmaq.
Hazırda əhaliyə və qoşunlara qarşı tətbiq edilən bütün kompleks informasiya-psixoloji təsir tədbirləri “psixoloji əməliyyatlar” termini ilə ifadə edilir.
“Psixoloji əməliyyatlar” (“psixoloji müharibə” əvəzinə) termini silahdan daha səmərəli (effektli) olan, hərbi güc tətbiqindən ümumiyyətlə imtina etməyə şərait yaradan, təsirin müstəqil növü hesab olunur. NATO ordularında psixoloji əməliyyatların təşkili göstərişlərlə, nizamnamələrlə və təlimatlarla tənzimlənir.
NATO-nun rəhbəredci sənədlərinə əsasən psixoloji əməliyyat – sülh və müharibə dövründə, müəyyən siyasi və hərbi məqsədlərini həyata keçirmək üçün, düşmənin, dost və neytral auditoriyanın davranışlarına və baxışlarına təsir göstərmək üçün planlaşdırılmış psixoloji fəaliyyətdir.
Burada psixoloji əməliyyatlar – xarici hökumətlərin, təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin hərəkətlərinə təsir etmək məqsədilə onların emosiyalarına, motivlərinə, obyektiv mülahizələrinə təsir göstərməklə, nəticədə onların vasitəsilə xarici auditoriyalara seçilmiş informasiya və istiqamətlərin verilməsi üzrə əməliyyatların planlaşdırılması kimi müəyyən edilmişdir.
Psixoloji əməliyyatlar strateji, operativ və taktiki olmaqla üç yerə bölünür. Strateji – hərbi əməliyyatların aparılması üçün əlverişli şəraitin yaradılması naminə, uzunmüddətli məqsədlərə nail olmaq üçün qlobal miqyasda aparılır. Operativ – əməliyyatlar müəyyən regionlarda həyata keçirilir və hərbi kampaniyaların və ya iri hərbi əməliyyatların dəstəklənməsi üzrə ortamüddətli məqsədlər güdür. Taktiki – əməliyyatlar qısa müddətı əhatə edir və qoşunların taktiki döyüş qrupunun döyüş fəaliyyətinin icrası üçün nəzərdə tutulur. Bütün bu kompleks əməliyyatlar komandirlərin qərarları əsasında sülh və müharibə dövründə həyata keçirilir.
İnformasiya müharibəsinin çərçivəsində aparılan psixoloji əməliyyatların vəzifələrinə daxildir:
- düşmənin rabitə, kəşfiyyat və idarəetmə sistemlərinə qədər diskret məlumatların çatdırılması;
- düşmən komandanlığında və informasiya-kəşfiyyat sistemlərində yanlış təsəvvür yaratmaq və yanlış əməliyyat məlumatı formalaşdırmaq üçün, mövcud operativ şəraiti gizlətmək (maskalamaq) və dezinformasiya yaymaq;
- qoşunların döyüş qüdrəti, niyyəti və məqsədi barədə xarici əhalinin məlumatlandırılması, hərbi əməliyyatlar zamanı dinc əhali arasında itkilərin azalması və mülki obyektlərə dəyən ziyanın minimuma endirilməsi;
- öz qoşunlarının döyüş qüdrətinin nümayişinin yüksəldilməsi, texnoloji üstünlük imicinin güclənməsi, əsir düşməsi üçün düşmənə çağırışlar.
- qoşunlara qarşı düşmənin təbliğat və dezinformasiya kampaniyalarının səmərəliliyinin aşağı salınması, bu hücumları təşkil edən mənbələrin, kütləvi informasiya vasitələrinin nüfuzdan salınması.
- Silahlı hücuma hazırlıq zamanı keçirilən psixoloji əməliyyatların əsas vəzifələri aşağıdakılar hesab edilir:
- hərbi müdaxilənin zəruriliyi haqqında düzgün ictimai rəy yaradılması;
- düşmənin və onun müttəfiqlərinin hərbi-siyasi rəhbərliyinə təsir etməklə, onları müharibəyə başlamaqdan imtina etməyə və ya etməməyə məcbur etmək;
- ölkə rəhbərliyinə inamın sarsıdılmasına nail olmaq;
- qarşı tərəfin ölkə rəhbərliyinə qarşı gizli mübarizə aparan qüvvələri ilə qarşılıqlı fəaliyyət;
- dost ölkələrin əhalisinə təsir;
- neytral ölkələrin əhalisinin xeyirxah münasibətlərinin inkişafına yardım;
- düşmən ordusunun şəxsi heyəti arasında narahatlıq və inamsızlıq mühitinin yaradılması, onun mənəvi ruhunun pozulması, döyüş qabiliyyətinin azalması;
- düşmənin zəif yerlərinin müəyyənləşdirilməsi üzrə analitik işin aparılması.
İnformasiya-psixoloji təsirin səmərəliliyinin bariz nümunəsi 1990-1991-ci illərdə Fars körfəzi zonasında hərbi münaqişədir. Çoxmillətli qüvvələr psixoloji əməliyyatların aparılması üçün informasiya-texniki baxımdan çox yüksək səviyyədə təchiz edilmişdi. Onların istifadəsində istənilən qədər mobil və stasionar texniki vasitələr var idi. Bu zaman Amerika kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara böyük üstünlük verilirdi. Məsələn, CNN xəbərlər xidmətinin verilişləri 90-dən çox ölkədə yayımlanırdı. Qərb radiostansiyalarının proqramlarının davamlı qəbulu üçün İran, Küveyt və Səudiyyə Ərəbistanı ərazilərində böyük gücə malik ötürücülər quraşdırılmışdı. Onların vasitəsilə “Amerikanın səsi” radiosunun ərəb dilində fasiləsiz verilişləri aparılırdı, bu verilişləri ABŞ-ın 4-cü psixoloji əməliyyatlar qrupunun mütəxəssisləri hazırlayırdılar.
İraqda əvvəlcədən dalğaları təyin olunmuş təxminən 50 min tranzistor radioqəbulediciləri paylanmışdı, çoxmillətli qüvvələrin psixoloji əməliyyatlar bölmələri bu radiostansiyalarda yayımlar aparırdılar. Çap məhsulları, ilk növbədə vərəqələr geniş tətbiq edilirdi. İnformasiya təsiri bütün vəsaitlərlə çoxmillətli qüvvələrin məğlubedilməzliyi haqqında ideyanı və müqavimətin mənasızlığını təlqin edirdi. Eyni zamanda, çoxmillətli qüvvələrin hücumunun başlama vaxtı ilə bağlı düşmənə müntəzəm olaraq dezinformasiyalar ötürülürdü. Bu informasiya-psixoloji kampaniyanın nəticəsində İraq ordusunun şəxsi heyətinin 40-60 faizi hərbi əməliyyatların başlanmasına qədər artıq mənəvi-psixoloji deqradasiyaya uğramışdı.
Fars körfəzində müharibə başa çatdıqdan sonra ABŞ Silahlı Qüvvələri müxtəlif miqyaslı psixoloji əməliyyatları İraq Kürdüstanında (1991), Somalidə (1993), Bosniya və Herseqovinada (1993), Haitidə (1994) öz fəaliyyətlərini dəstəkləmək üçün həyata keçiriblər.
Hazırda informasiya-psixoloji təsir vasitələri aşağıdakılar hesab edilir:
- mətbuat vasitələri: qəzetlər, plakatlar, vərəqələr;
- radio, televiziya, internet, elektron vasitələr;
- videofilmlər, kino, video və digər daşıyıcılar və audioinformasiyalar, audiomateriallar;
- məlumatlı-psixoloji təsirin ən səmərəli vasitələrindən biri hesab edilən səsli yayımlar.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, şəxsi heyətin və əhalinin düşmənin psixololi təsirlərindən mühafizəsi üçün müvafiq orqanların üzərinə cox ciddi vəzifələr düşür. Qoşunların mənəvi-psixoloji vəziyyətinin zəifləməsinə, xidməti-döyüş fəaliyyətinin sıradan çıxarılmasına yönəlmiş psixoloji əməliyyatların vəzifələrinin, metodlarının və vasitələrinin öyrənilməsi düşmənin bu istiqamətdə fəaliyyətinə qarşı təxirəsalınmaz səmərəli tədbirlərin müəyyənləşdirilməsi, planlaşdırılması və həyata keçirilməsi üçün zəmin yaradır.
Şəxsi heyətin düşmənin informasiya-psixoloji təsirinə qarşı hazırlığı, böyük ölçüdə, komandirlərin, rəislərin, mənəvi-psixoloji hazırlıq üzrə zabitlərin bu sahədəki biliklərinin emosional dolğunluğundan, izahat asanlığından və qabaqlayıcı tədbirlərdən təcrübədə nə dərəcədə istifadə etmə bacarığından asılı olur. Nəzərə alınmalıdır ki, qarşıya qoyulmuş vəzifələrin həlli üçün hərbi kollektivin əhval-ruhiyyəsi, ayrı-ayrılıqda hər bir döyüşçünün mənəvi-psixoloji durumu ümumilikdə, vacib amildir.
Qoşunların mənəvi-psixoloji vəziyyəti hərbçilərin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıqla döyüşməyə hazır olması, ictimai asayişin mühafizəsi üzrə fəaliyyətin əhəmiyyətini, məqsədlərini dərindən dərk etməsi, xidməti-döyüş fəaliyyətinin icrasına yönəlmiş mənəvi hazırlıq səviyyəsi, yüksək peşəkarlıq, psixoloji təsirlərə davamlılıq, komandirlərin (rəislərin) fəaliyyətinə inam, qoşunların vaxtında və hərtərəfli təminatı kimi kriteriyalarla müəyyən edilir.
İnformasiya-psixoloji təsirə qarşı müqavimət məqsəd, vəzifə, obyekt və vaxt baxımından əlaqəli, razılaşdırılmış və qarşılıqlı əməliyyat-profilaktik tədbirlərin məcmusudur.
İnformasiya-psixoloji təsirə qarşı müqavimət aşağıdakı istiqamətləri əhatə edir:
- qoşunların dislokasiya yerlərində, ölkədə, regionda hərbi-siyasi, ideoloji və mənəvi-psixoloji durumun öyrənilməsi, təhlili;
- düşmənin məlumatlı-psixoloji təsir göstərmək imkanları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili;
- psixoloji əməliyyatlarla həyata keçirilən tədbirlərin və məlumatlı-psixoloji təsirlərin qoşunlara təsirinin mümkün xarakteri və mümkün nəticələrinin proqnozlaşdırılması;
- şəxsi heyətə düşmənin pozucu təbliğatının üsulları və texnikaları barədə izahat vermək;
- yaranmış vəziyyət haqqında şəxsi heyətin qabaqlayıcı məlumatlandırılması;
- təbliğat-təşviqat tədbirlərin təşkilində və keçirilməsində iştirak;
- istənilən şəraitdə dövlətçiliyin müdafiəsi üzrə vəzifələrin icrasına, şəxsi heyətin psixoloji dayanıqlılığının saxlanılması və hazırlığı;
- mənfi təsirə məruz qalmağa daha meylli şəxslərlə fərdi iş.
- Məlumatlı-psixoloji təsirə qarşı müqavimətin formaları, metodları və üsulları idarəetmə səviyyəsindən, qüvvə və vasitələrdən, vaxtdan, konkret vəziyyətdən və digər amillərdən asılıdır.
- Əsasən aşağıdakı formalar, metodlar və üsullar istifadə edilir:
- hərbi qulluqçuların, cəmiyyətin, Silahlı Qüvvələrin, qoşunların həyat və fəaliyyəti ilə bağlı aktual məsələlər barədə məlumatlandırılması;
- kütləvi informasiya vasitələrində dərc olunan materiallara nəzarət;
- düşmənin yaydığı xüsusi radioqəbuledicilərin, audio, videokassetlərin yığılması və məhv edilməsi;
- müəyyən mənfi informasiyanın daxilolma kanallarının məhdudlaşdırılması;
- şəxsi heyətdə elmi dünyagörüşünün formalaşdırılması üzrə keyfiyyətli mənəvi-psixoloji təsirin təmin olunması;
- düşmənin psixoloji əməliyyatlar keçirən kəşfiyyatçı bölmələrinin və bu əməliyyatları keçirən texniki vasitələrin tapılması və məhv edilməsi.
Şəxsi heyətin düşmənin informasiya-psixoloji təsirindən qorunması, onun mənfi nəticələrinin proqnozlaşdırılması, profilaktikası aradan qaldırılması əhali və qoşunlar üçün tədbirlər sistemi kimi qiymətləndirilməlidir.
Düşmənin fəaliyyətinin proqnozlaşdırılması komandirlərin, qərargahların, tərbiyə işi orqanlarının tərəfindən preventiv qiymətləndirilməsindən və bu fəaliyyətin sıradan çıxarılması işindən ibarətdir. Proqnozlaşdırmanın mühüm məqamı bizim hissə və bölmələrin şəxsi heyətinə informasiya-psixoloji təsir kanallarının müəyyənləşdirilməsidir.
Komandanlığa, idarəetmə orqanlarına, o cümlədən tərbiyəvi iş üzrə qurumlara düşmənin intensiv psixoloji təsirinə daha çox məruz qalma ehtimalı olan obyektləri əvvəlcədən fərqləndirmək məqsədəuyğundur.
Proqnozlaşdırmanın mühüm məqamlarından biri də düşmənin informasiya-psixoloji təsirinin mümkün mövzularının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, beləliklə də onların səmərəliliyinin azaldılması və ya neytrallaşdırılmasıdır. Məsələn, ABŞ hərbi psixoloqlarının baxışlarına görə, qoşunların mənəvi ruhuna aşağıdakı amillər daha çox zərər vurur: ölkədə əlverişsiz ictimai-siyasi vəziyyət, döyüş təcrübəsinin olmaması, döyüş meydanında təhlükə, diskomfort, qida çatışmazlığı, komandanlığın məqsədlərinə və əməliyyatlara mənfi münasibət, təchizatda fasilələr, rəhbərlikdən narazılıq və s. Düşmənin informasiya-psixoloji təsirinin səmərəliliyinin azalması və ya neytrallaşdırılması üçün hərbi qulluqçulara onların həqiqi məqsədləri, vəzifələri, metodları, formaları, həyata keçirilməsinin texniki vasitələrinin izah edilməsinə xüsusi diqqət ayrılmalıdır. Təcrübə göstərir ki, ekstremal şəraitdə əgər bir adamın həmin şəraitə qarşı reaksiya təcrübəsi yoxdursa, onun davranışı gözlənilməz olur. ABŞ ordusunun təlimlərindən biri zamanı psixoloji təsir vasitəsi kimi istifadə etdiyi vərəqəyə nəzər salaq. Onun mətni belədir: “Bu sizi əsir düşməyə və ya təslim olmağa çağıran vərəqə deyil. Biz sizi təslim olmağa çağırmırıq, Siz özünüz bir saat ərzində yardım üçün amerikalıların yanına gəlməyə məcbur olacaqsınız. Bu bir parça sadə kağız radioaktivləşdirilmişdir. Siz bu sətirləri oxuduğunuz müddətdə sizin barmaqlarınıza, sonra isə bədəninizə kifayət qədər ölümcül dozada radiasiya şüaları keçiriləcək. Vərəqəni xüsusi olaraq bir neçə saat ərzində sizi öldürmək üçün düzəltmişik. Amma istəsəniz, xilas ola bilərsiniz, xilas üçün bacardıqca tez bizə tərəf keçməli və kömək üçün müraciət etməlisiniz. Bu halda xüsusi hazırlanmış vaksinlə sizi xilas etmək mümkündür. Biz sizin xilasınıza zəmanət veririk”. Aydındır ki, belə bir müraciət psixoloji cəhətdən hazırlıqsız hərbçi üçün şok bir informasiya təsiri yarada bilər. Bu barədə hərbi qulluqçuların məlumatlı olması isə belə təxribatların təsirinin psixoloji effektini xeyli azaldacaq.
Psixoloji təsirə daha çox meylli hərbçilərə psixoloqlar, komandirlər tərəfindən xüsusi diqqət göstərilməlidir. Onlara əsəbi-psixi dəyişkənliklərə zəif müqavimətli, “vasvası” və nəzərəçarpacaq həyəcanlı insanları aid etmək olar. Adətən çətin vəziyyətlərdə belə insanlar vahimə indikatoru rolu oynayırlar.
Hərbi qulluqçuların davamlı, obyektiv, psixoloji cəhətdən strukturlaşdırılmış, siyasi məlumatlandırılması düşmənin psixoloji aksiyalarının effektivliyinin azalmasına səbəb olur. Uğursuzluğun səbəbini və nöqsanları vaxtında və obyektiv izah etmək lazımdır.
Bizim hissə və bölmələrin şəxsi heyətinə qarşı düşmənin psixoloji təsirinin sıradan çıxarılmasına müxtəlif üsullarla nail olunur. Bunlardan ən effektlisi kəşfiyyatdır. Kəşfiyyat düşmənin psixoloji əməliyyatlar vasitələrinin fiziki məhv edilməsi, dağıdılması yolu ilə bu məsələni radikal şəkildə həll edir. Lakin bu heç də həmişə mümkün olmur. Ona görə də hərbi qulluqçuları qeyd olunan məsələlərin həlli istiqamətində fəaliyyətə cəlb etmək, sayıqlığın itirilməsinə yol verməmək lazımdır. Düşmənin bütün təşviqat-təbliğat materialları şəxsi heyətdən dərhal yığışdırılmalı, öyrənilməli və məhv edilməlidir. Bütün bunlar fərdi və qrup şəklində izahat işləri ilə müşayiət olunmalıdır.
Düşmən qoşunlarının psixoloji əməliyyatlarının nəticələrinin ləğvi onun nəticələrinin qiymətləndirilməsi və təhlilini nəzərdə tutur, bu zaman həmçinin, bu sahədə düşmən fəaliyyətinin səmərəliliyinin səbəblərini araşdırmaq və informasiya-psixoloji müdafiə sistemində özünün yol vermiş olduğu boşluqları müəyyənləşdirmək lazımdır:
- zərərçəkmiş döyüşçülərlə psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi;
- hərbi hissələrin döyüş qabiliyyətinin, mütəşəkkilliyin və intizamın bərpası;
- satqınlara, hay-küyçülərə, neqativ halların səbəbkarlarına qarşı müvafiq sanksiyaların tətbiqi;
- bütün sistemin optimallaşdırılması üzrə tədbirlərin müəyyənləşdirilməsi.
Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, dövlətçiliyin qorunması uğrunda xidməti-döyüş fəaliyyətinə daim və sədaqətlə hazır olmaq, düşmənin psixoloji əməliyyatlarına qarşı şəxsi heyətin müdafiəsi qoşunların informasiya təhlükəsizliyinin mühüm tərkib hissəsidir. O, qərargahlar, rəislər, komandirlər, tərbiyə işi orqanları tərəfindən hazırlanır və xidməti-döyüş vəzifələrinin həllinin bütün mərhələlərində həyata keçirilir, xüsusən Azərbaycan Respublikasının ərazisinə silahlı müdaxilə təhlükəsinin yaranması şəraitində gündəlik və gərgin iş tələb edir.
Azərbaycan xalqı və ordusu bir amal ətrafında birləşib, Vətən müharibəsi başlayıb və qələbə bizimdir!
Səfxan Bayramov
Müharibə veteranı, e.o. polkovnik leytenant