
Bu gün dünyada cərəyan edən proseslər göstərir ki, müasir dövrdə ölkələrin müdafiə qabiliyyəti və təhlükəsizliyinin etibarlı təminatı artıq kəmiyyət deyil, texnoloji üstünlük, süni intellektin tətbiqi və robotlaşdırılmış sistemlərin effektivliyi üzərində qurulur.
“Poliqon” xəbər verir ki, bu, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin ADEX-2026 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə vurğulanıb.
Nazirin sözlərinə görə, ADEX-2026 bu qlobal transformasiyanın mərkəzində dayanaraq, iştirakçılara ən mürəkkəb müdafiə ehtiyaclarına cavab verən intellektual sistemləri, kibertəhlükəsizlik həllərini və aerokosmik nailiyyətləri təqdim edir: “Bu sərgi həm də Azərbaycanın iqtisadi-hərbi gücünü və ərazi bütövlüyünü tam bərpa etmiş qalib dövlət kimi yeni imkanlarını bütün dünyaya nümayiş etdirir. Azərbaycanın müdafiə sənayesi hazırda xarici tərəfdaşlarla birgə istehsalat zəncirləri qurmaq, texnologiya transferini sürətləndirmək və müasir tələblərə cavab verən rəqabətədavamlı məhsullar ixrac etmək imkanlarına malikdir. Biz inanırıq ki, real təhlükəsizlik yalnız qapalı sistemlərlə deyil, həmçinin açıq və şəffaf beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və yeni elmi nailiyyətlərin tətbiqi ilə mümkündür”.
V.Mustafayev bildirib ki, Bakı bu gün dünya müdafiə sənayesinin beyin mərkəzlərini, mühəndislik korpusunu və innovativ texnoloji yenilikləri vahid bir hədəf – daha təhlükəsiz və sülhpərvər gələcək naminə bir araya gətirən nadir məkanlardandır.
“Hazırda dünyadakı dinamik dəyişikliklər və qlobal təhlükəsizlik çağırışları fonunda dövlətlər arasında müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi və inkişafı daha da aktuallaşır. Terrorçuluq, münaqişələr, mütəşəkkil cinayətkarlıq, kütləvi qırğın silahlarının yayılması kimi qlobal təhlükələr dövlətlərin təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmalarını tələb edir. ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə yanaşı keçirilən “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də dünyada qabaqcıl təhlükəsizlik və mühafizə texnologiyalarının, yeni avadanlıqların və innovasiyaların təqdim edilməsi baxımından mühüm platformadır. Bu sərgi təhlükəsizlik və müdafiə sahəsində qlobal əməkdaşlığın inkişafı və yeni təcrübələrin mübadiləsi üçün mükəmməl vasitədir”, – deyə müdafiə sənayesi naziri qeyd edib.





