Müdafiə sənayesi naziri: Azərbaycan rəqabətədavamlı məhsullar istehsal etmək qabiliyyətindədir

Müdafiə sənayesi naziri: Azərbaycan rəqabətədavamlı məhsullar istehsal etmək qabiliyyətindədir

Dövlət başçısının davamlı qayğı və diqqəti nəticəsində Azərbaycan özünün müdafiə sənayesinin inkişafında daha yeni nailiyyətlər əldə etməyə imkan qazanıb. Bu gün biz artıq rəqabətədavamlı, müasir standartlara cavab verən məhsullar istehsal etmək qabiliyyətindəyik.

“Poliqon” xəbər verir ki, bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” mövzusundakı panel iclasda deyib.

Vüqar Mustafayev bildirib ki, bu forum iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, hərbi sahədə də fəaliyyət göstərən dövlət qurumlarının görüş yerinə çevrilib. Onun sözlərinə görə, belə görüşlərin, tədbirlərin təşkil olunması beynəlxalq müstəvidə yerli və xarici şirkətlərin müxtəlif istiqamətlərdəki əməkdaşlığının inkişafına təkan verir.

Nazir bildirib ki, hər bir dövrdə olduğu kimi milli təhlükəsizliyin təmin edilməsi ölkələrin ən başlıca məsələləri sırasındadır: “Dünyada baş verən proseslər bir daha onu göstərir ki, ölkənin müdafiə qabiliyyətinin, imkanlarının güclü olması, eyni zamanda, güclü ordusunun olması onun suverenliyinin və müstəqilliyinin əsas qarantı rolunda çıxış edir. Bu baxımdan müdafiə sənayesinin potensialının artırılması artıq son dövrlərdə hər bir ölkənin önəmli prioritet məsələlərindən birinə çevrilib. Əlbəttə ki, bu potensialın artırılması ölkənin milli sənayesi hesabına baş verdikdə bu, həmin dövlətin gücünün, qüdrətinin daha bir göstəricisi halına gəlir”.

Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyinin növbəti dövr üçün planlarını açıqlanıb.

“İstehsal etdiyimiz müasir standartlara cavab verən məhsulları həm silahlı qüvvələrimizin daxili təminatı, təchizatı baxımından istifadə edir, eyni zamanda ixrac siyasətimizin formalaşdırılmasında və qurulmasında bu məhsulları aktiv şəkildə tətbiq edirik. Lakin bu gün bununla kifayətlənməməliyik. Çünki dövlətimizin başçısı bizim qarşımızda çox önəmli tapşırıqlar qoyub. Bu tapşırıqlar xüsusilə müdafiə sənayesinin möhkəmləndirilməsində, şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində Azərbaycan güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm nailiyyətlərə imza atıb”, ­– deyə Vüqar Mustafayev vurğulayıb.

Nazir bildirib ki, növbəti dövrlərdə yeni müdafiə sənayesi sahələrinin yaradılmasında mövcud müdafiə sənayesi istehsalı sahələrinin təkmilləşdirilməsinə, istehsal gücünün, potensialının artırılmasına, eyni zamanda, istehsalda istifadə olunan müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət ayrılacaq: “Bununla yanaşı, paralel olaraq idarəetmədə qabaqcıl korporativ standartların tətbiq olunması, kadr siyasətinin təkmilləşdirilməsi və kadr potensialının artırılması, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlığın artırılması, özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, özəl sektor və dövlət arasında tərəfdaşlıq əlaqələrinin qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması qarşıdakı fəaliyyətimizin mühüm hissəsi olacaq”.

CATEGORIES
TAGS