
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ADEX-2026 sərgisinin iştirakçılarına müraciət edib.
Müdafiə sənayesi naziri Vüqar Mustafayevin eksklüziv olaraq POLİQON jurnalına açıqladığı müraciətdə deyilir:
“Hörmətli sərgi iştirakçıları, dəyərli qonaqlar, xanımlar və cənablar!
Sizi regionun ən mötəbər və strateji əhəmiyyətli hərbi-texnoloji platformalarından biri olan ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində salamlamaqdan böyük məmnunluq duyuram!
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf etmiş, böyük uğurlar əldə olunmuşdur. Azərbaycanın iqtisadi inkişafı və müstəqil siyasəti onu yalnız regional deyil, həm də dünya miqyasında önəmli bir dövlətə çevirmişdir. Bu inkişaf, həmçinin ölkəmizin təhlükəsizlik və müdafiə sahəsindəki mövqeyinin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərindəki rolunun artmasına zəmin yaratmışdır.
Azərbaycanın müdafiə sənayesi keyfiyyət, müasir texnoloji və elmi tutumlu istehsalat nailiyyətlərinin tətbiqi baxımından yeni bir mərhələyə qədəm qoyub. Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik dövlətçilik siyasəti nəticəsində ölkəmiz artıq sadəcə çağdaş texnologiyaların tətbiqçisi deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına fundamental töhfələr verən innovativ həllərin müəllifidir.
Dövlət başçısının ADEX sərgisinin təşkilinə və inkişafına göstərdiyi xüsusi diqqət bu unikal platformanı gələcəyin müdafiə doktrinalarının müzakirə edildiyi intellektual mərkəz statusuna yüksəltmişdir. Sərginin miqyasının ildən-ilə genişlənməsi, iştirakçı dövlətlərin və beynəlxalq şirkətlərin sayındakı davamlı artım Azərbaycanın hərbi-sənaye potensialına olan beynəlxalq etimadın əyani göstəricisidir.
Bu gün dünyada cərəyan edən proseslər göstərir ki, müasir dövrdə ölkələrin müdafiə qabiliyyəti və təhlükəsizliyinin etibarlı təminatı artıq kəmiyyət deyil, texnoloji üstünlük, süni intellektin tətbiqi və robotlaşdırılmış sistemlərin effektivliyi üzərində qurulur. ADEX-2026 bu qlobal transformasiyanın mərkəzində dayanaraq, iştirakçılara ən mürəkkəb müdafiə ehtiyaclarına cavab verən intellektual sistemləri, kibertəhlükəsizlik həllərini və aerokosmik nailiyyətləri təqdim edir.
Bu sərgi həm də Azərbaycanın iqtisadi-hərbi gücünü və ərazi bütövlüyünü tam bərpa etmiş qalib dövlət kimi yeni imkanlarını bütün dünyaya nümayiş etdirir. Azərbaycanın müdafiə sənayesi hazırda xarici tərəfdaşlarla birgə istehsalat zəncirləri qurmaq, texnologiya transferini sürətləndirmək və müasir tələblərə cavab verən rəqabətədavamlı məhsullar ixrac etmək imkanlarına malikdir. Biz inanırıq ki, real təhlükəsizlik yalnız qapalı sistemlərlə deyil, həmçinin açıq və şəffaf beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və yeni elmi nailiyyətlərin tətbiqi ilə mümkündür.
Bakı bu gün dünya müdafiə sənayesinin beyin mərkəzlərini, mühəndislik korpusunu və innovativ texnoloji yenilikləri vahid bir hədəf – daha təhlükəsiz və sülhpərvər gələcək naminə bir araya gətirən nadir məkanlardandır.
Hazırda dünyadakı dinamik dəyişikliklər və qlobal təhlükəsizlik çağırışları fonunda dövlətlər arasında müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi və inkişafı daha da aktuallaşır. Terrorçuluq, münaqişələr, mütəşəkkil cinayətkarlıq, kütləvi qırğın silahlarının yayılması kimi qlobal təhlükələr dövlətlərin təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmalarını tələb edir. ADEX-2026 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə yanaşı keçirilən “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də dünyada qabaqcıl təhlükəsizlik və mühafizə texnologiyalarının, yeni avadanlıqların və innovasiyaların təqdim edilməsi baxımından mühüm platformadır. Bu sərgi təhlükəsizlik və müdafiə sahəsində qlobal əməkdaşlığın inkişafı və yeni təcrübələrin mübadiləsi üçün mükəmməl vasitədir.
Azərbaycan “Securex Caspian” sərgisi vasitəsilə yalnız regionda deyil, həmçinin dünya miqyasında təhlükəsizlik və müdafiə sahəsində mühüm strateji tərəfdaşa çevrilməkdədir. Müxtəlif ölkələrdən gələn təhlükəsizlik və mühafizə sahəsində fəaliyyət göstərən şirkətlər və mütəxəssislər bu sərgidə bir araya gələrək işgüzar əlaqələr qurmaq, yeni əməkdaşlıq sahələri yaratmaq və qarşılıqlı faydalı anlaşmalar əldə etmək imkanı qazanırlar. Bu, həm də Azərbaycanın güclü müdafiə sənayesini beynəlxalq bazarda tanıtmaq və daha çox ölkə ilə əməkdaşlıq imkanlarını artırmaq məqsədini daşıyır.
Əminəm ki, hər iki sərgi çərçivəsində qurulacaq əməkdaşlıq və tərəfdaşlıq əlaqələri, keçiriləcək səmərəli işgüzar görüşlər, imzalanacaq strateji sazişlər və aparılacaq ixtisaslı müzakirələr hər bir iştirakçı ölkə və şirkət üçün yeni inkişaf üfüqləri açacaq, beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə, orduların müasirləşdirilməsinə və yeni nəsil müdafiə strategiyalarının formalaşmasına xidmət edəcəkdir. Bakının qonaqpərvərliyi və yaradılmış əlverişli işgüzar mühit sizin fəaliyyətinizə əlavə stimul verəcək, ADEX markası isə qlobal hərbi-texniki əməkdaşlıq tarixinə yeni uğurlu səhifələr yazacaqdır.
Bütün iştirakçılara yeni nailiyyətlər, qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri və bol müvəffəqiyyətlər arzulayıram!”





